Beyrut şəhərinin mərkəzində yerləşən hotel binasına endirilən zərbə nəticəsində azı 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Demokrat.az-ın məlumatına görə hadisə yerli vaxtla gecə saatlarında baş verib. Məlumata görə, zərbə şəhərin Raouche rayonunda yerləşən hotel binasını hədəf alıb. Partlayış nəticəsində binada ciddi dağıntı yaranıb, ətraf ərazilərdə də zədələnmə qeydə alınıb.
Livanın Səhiyyə Nazirliyi hücum nəticəsində azı dörd nəfərin öldüyünü, on nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlayıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
İlkin məlumatlara əsasən, zərbə hotel binasında yerləşən mənzillərdən birinə endirilib. Hadisə baş verən vaxt binada yerli sakinlərlə yanaşı, başqa bölgələrdən gəlmiş şəxslərin də olduğu bildirilir.
Bəzi mənbələr hücumun İsrail tərəfindən həyata keçirildiyini və hədəfin İranla əlaqəli şəxslər olduğunu iddia edir. Rəsmi tərəflər isə hadisə ilə bağlı hələlik geniş açıqlama verməyib.
Xilasetmə qrupları dağıntılar altında qalanların olub-olmadığını müəyyənləşdirmək üçün ərazidə axtarış-xilasetmə işlərini davam etdirir.
İslam Demokrat.az


