"İran özünü müdafiə adı ilə qonşu ölkələri raketlərlə təhdid edir"
Bunu Demokrat.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
"İranla sərhədimiz genişdir və sərhəd təhlükəsizliyi ilə bağlı hər bir məsələ önəmlidir. Təəssüf ki, bu mərhələdə İranla münasibətlərimiz istənilən səviyyədə deyil və biz bunu qətiyyətlə pisləyirik. Bu cür davranış qəbuledilməzdir və buna görə məsuliyyət daşıyan tərəf lazımi addımları atmalıdır. Hazırda bu məsələ regional qanunların pozulması kimi dəyərləndirilə bilər. Amerika və İsrail dünyada “jandarm” rolunu oynayaraq regionu öz qaydalarına tabe etməyə çalışırlar. İranda bu avanturaya qoşulub, özünü müdafiə adı ilə qonşu ölkələri raketlərlə təhdid edir. Eyni zamanda Amerika bazaları da qonşu ölkələrdə yerləşdirilib, lakin onların dəqiq yerləşməsi və təhlükə səviyyəsi hələ dəqiq məlum deyil".
Ekspert bildirib ki, təəssüf ki, bu qlobal və regional dövlətlər, Amerika, İsrail və İran sabitlik və təhlükəsizliyi təmin etmək əvəzinə, gərginlik və risk yaradan addımlar atırlar:
"Bu davranışlar xalqları təhlükəli vəziyyətə gətirir və regional, eləcə də qlobal sabitliyə ciddi təhdid yaradır. İranın dünənki dron hücumu Naxçıvana, mülki aeroporta və mülki şəxslərə, hətta məktəb yaxınlığına yönəlmiş zərbələr, olduqca ciddi və dəhşətli hadisədir. Təsəvvür edin ki, o dron məktəbə düşsəydi, belə bir hadisə azərbaycanlı şagirdlərin həyatına böyük təhlükə yarada bilərdi".
Onun sözlərinə görə, bu hadisə regional sabitliyə ən böyük təhdidlərdən biridir.
"Hazırda situasiya çox gərgindir və Azərbaycan ordusu yüksək hazırlıq səviyyəsinə gətirilib. Ümid edirik ki, heç bir konflikt bu həddə çatmayacaq və Azərbaycanla İranın orduları bir-biri ilə üz-üzə gəlməyəcək. Lakin təhdid mövcuddursa, biz hər zaman hazırlıqlı olmalıyıq. Bu hadisələr regional sabitliyə ciddi zərbədir və bu baxımdan məsələyə ciddi yanaşmaq vacibdir".
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Əfsanə Kamal Demokrat.az


