İranın ABŞ və İsraillə qarşıdurmada əsasən öz istehsalı olan silahlara güvəndiyi bildirilir. Tehran rəhbərliyi fevralın 28-dən başlayan hərbi əməliyyatlar fonunda geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir.
Demokrat.az xəbər verir ki, müharibə başlamazdan əvvəl İsrail kəşfiyyatı İranın arsenalında təxminən 2500 ballistik raketin olduğunu ehtimal edirdi. Lakin son günlər baş verən hadisələr bu rəqəmlərin artıq dəyişdiyini göstərir.
Məlumata görə, martın 4-nə qədər İran 500-dən çox ballistik raket və 2 mindən artıq pilotsuz uçuş aparatı istifadə edib. Eyni zamanda ABŞ və İsrailin Kirmanşah, Kərəc, Xürrəmabad və Təbrizdə yerləşən raket bazalarına endirdiyi zərbələr nəticəsində bir sıra yeraltı anbarların sıradan çıxarıldığı bildirilir. İddialara görə, bəzi raketlər hələ istifadə olunmadan sığınacaqlarda məhv edilib.
Digər tərəfdən, pilotsuz uçuş aparatlarının istehsalı İran üçün daha ucuz və daha sürətli hesab olunur. Sızan məlumatlara əsasən, Tehran ayda təxminən 5 min ədəd “Şahid-136” tipli dron istehsal etmək potensialına malikdir. Bir dronun maya dəyərinin bir neçə min dollar olduğu bildirildiyi halda, onu vurmaq üçün istifadə edilən “Patriot” raketinin qiyməti təxminən 3 milyon dollara çatır.
Beynəlxalq analitiklər hesab edir ki, İran müharibəni mümkün qədər uzatmağa və vaxt qazanmağa çalışır. London İqtisadiyyat Məktəbinin professoru Favaz Gergesin fikrincə Tehran rəhbərliyi uzunmüddətli müqavimət üçün əvvəlcədən hazırlıq görüb.
Bununla yanaşı, bəzi hərbi təhlillərdə İranın uzaqmənzilli raket proqramında dəqiqlik probleminin olduğu qeyd edilir. Bu amil ölkənin hərbi çəkindiricilik imkanlarına mənfi təsir göstərən zəif tərəflərdən biri kimi qiymətləndirilir.
Müharibənin ən ağır nəticələrini isə mülki əhali yaşayır. İranın cənubundakı Minab şəhərində məktəbin vurulması nəticəsində 168 uşaq və müəllimin həlak olduğu bildirilir. Birləşmiş Millətlər Təşkilatı hadisəni dəhşətlii adlandıraraq araşdırma aparılmasını tələb edib. İsrail tərəfi isə məktəbə hücum etmədiyini açıqlayıb.
İslam Demokrat.az


