“İran İslam Respublikasının dronları Azərbaycan ərazisinə zərbələr endirib. Hədəf kimi mülki obyektlər seçilib, bu Naxçıvan beynəlxalq hava limanıdır və bir məktəbin ətrafına bu zərbələr tuş gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Təhlükəsizlik Şurasının iclasında bu hadisəyə qiymət verərkən onu terror aktı kimi qiymətləndirib, təcavüzkar əməl kimi səciyyələndirib və qeyd eləyib ki, bu nankorluqdur. Çünki Azərbaycan hər zaman İranla mehriban qonşuluq siyasətinə sədaqət nümayiş etdirib. Biz heç bir zaman üçüncü dövlətin Azərbaycan ərazisindən istifadə etməklə İrana qarşı hər hansı bir hərəkətlərinə imkan verməmişik”.
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında söyləyib.
O diqqətə çatdırıb ki, bu hər zaman belə olub, indi də belədir:
“İrandan dəfələrlə oxşar addımları görmüşük və Azərbaycan səfirliyinə qarşı İranda edilən hücuma Prezident diqqəti cəlb etdi və qeyd elədi ki, bu hücum da İranın yüksək dövlət aparatı tərəfindən təşkil olunmuşdu. Cinayətkarı uzun müddət məsuliyyətdən yayındırmaq istədilər, Azərbaycanın təkidli tələbi ilə o şəxs sonra cəzalandırıldı. Və qeyd etdi ki, onların bu hərəkəti ona görə nankorluqdur ki, Azərbaycan dövlətinin rəhbəri elə ötən günlərdə Prezident qeyd edir ki, dünən İran səfirliyində olub başsağlığı verib. Dünyada heç bir dövlət başçısı İranın səfirliyinə gedib belə başsağlığı verməyib. Bu gün məlum olub ki, İranın xarici işlər nazirinin müavini zəng edib xahiş edib ki, Livandakı İran səfirliyi əməkdaşlarının oradan çıxarılmasına Azərbaycan köməklik etsin, onların hazırda elə bir imkanı yoxdur və hətta haqqını ödəyəcəklərini də bildiriblər. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, biz köməklik edərik, təyyarə göndərərik və qeyd edib ki, belə gündə bir-birimizə dəstək olmalıyıq, bizə heç bir ödəniş də etmək lazım deyil”.
O deyib ki, bütün bunların müqabilində isə Azərbaycana qarşı nankorluq və nakişi hərəkəti baş verib:
“Buna başqa ad vermək mümkün deyil. Eyni zamanda Prezident bütün Silahlı Qüvvələrimizə bir nömrəli səfərbərlik əmri verib və bu cinayətə imza atan şəxslərin cəzalandırılması, Azərbaycandan üzr istənilməsi tələbini irəli sürüb. Doğrudan da baş vermiş hadisə müdhiş hadisədir. Çünki Azərbaycan dövləti, Prezidentin qeyd etdiyi kimi, həmişə İranla mehriban qonşuluq münasibətlərinə sədaqət nümayiş etdirib. Əvəzində isə biz həmişə İrandan ölkəmizə qarşı belə çirkin addımlara şahidlik eləmişik. Elə keçən illərdə İran 12 günlük müharibə məngənəsində olarkən də Azərbaycana qarşı təxribatçı, feyk məlumatlar yayılırdı və çalışırdılar ki, orada yaşayan soydaşlarımızın da Azərbaycana qarşı müəyyən mənfi rəy formalaşdırsınlar və bunu məqsədyönlü şəkildə edirdilər. Halbuki Azərbaycan hər zaman öz davranışı ilə İrana olan xoş niyyətini, xoş münasibətini ifadə edib. Qarşılığında isə belə nankor davranış olub Bütövlükdə baş vermiş bütün hadisələrə görə məsuliyyət İran tərəfinin üzərinə düşür. İran bilməlidir ki, Azərbaycan güclü dövlətdir və Prezidentin qeyd etdiyi kimi, belə niyyətə düşən dövlətlərin aqibətinin necə olduğunu hər kəs yaxşı bilir. Dəmir yumruq yerindədir və İran tərəfi qoy nəticə çıxarsın”.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Həmçinin, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Leyla Turan Demokrat.az


