İran Naxçıvana dronla zərbələr endirib. Naxçıvan aeroportu kamikadze dronla vurulub. Dronlardan biri aeroportun terminallarından birinə, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron isə Şəkərabad kənd məktəbinin yaxınlığında partlayıb. Xatırladaq ki, münaqişə başlayandan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb.
Siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan böyük ölkədir, güclü ölkədir, ən əsası özünü müdafiə edə bilən ölkədir:
“Azərbaycanın yüksək müdafiə qabiliyyəti var və unutmaq lazım deyil ki, Azərbaycan hərbi siyasətlə bağlı söz düşəndə Azərbaycanın CV-sində Qarabağ zəfəri kimi möhtəşəm bir zəfər var. Dünyada çox az ölkənin, Avropada da o cümlədən, az ölkənin Azərbaycan kimi müharibə təcrübəsi var. Yəni özü də bu klassik müharibələrdən fərqli olaraq, ənənəvi savaşları qazanmış bir toplumuq. Bu mənada Azərbaycana təhlükə yaradan, törətmək istəyən, suverenliyimizə qəsd edən istənilən xarici güc bunun adekvat cavabını almalıdır, alacaq da. Bunu unutmaq olmaz. Azərbaycanın müdafiə qabiliyyəti uğurlu, qalibiyyət əsasında formalaşmış strategiya ilə bağlıdır və bir də unutmaq lazım deyil ki, bölgənin təhlükəsizlik konfiqurasiyasında Azərbaycan çox güclüdür. Ən azından güclü də müttəfiqləri var. Bu mənada Azərbaycana qarşı istənilən təxribata Azərbaycan ciddi şəkildə cavab verəcək”.
O bildirib ki, İranın nankorluğu uzun illərdir davam edir:
“Azərbaycanın daxilində beşinci kolon siyasətini həyata keçirməkdən tutmuş, Xəzər dənizində və Qarabağdakı zəfərimizi kölgə salmaq üçün Azərbaycan əleyhinə fəaliyyət göstərməyə qədər müxtəlif təxribatlar törədilib. Həmçinin, işğal olunmuş ərazilərin yağmalanması və Azərbaycanın adının tarix boyu çəkilməməsi, onun daimi qısqanılması da bu siyasətin bir hissəsidir. İran, Azərbaycan müstəqilliyinə zərbə vurmağa, gənclərimizi narkotiklər və din siyasəti ilə zəhərləməyə çalışıb. Narkotik şəbəkələrinin yayılması və Azərbaycanın ərazisinin narkokommunikasiyaya çevrilməsi bu siyasətin nəticəsidir. İranın bu cür addımlar atması təəccüblü deyil. Bütün bunlar, Azərbaycan Prezidentinin İran səfirliyinə gedərək başsağlığı verdiyi bir dönəmdə baş verir. Bu cür münasibətlərin qarşılığı isə heç vaxt bu ola bilməzdi”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Leyla Turan Demokrat.az


