Türkiyənin hava məkanına yönəlmiş ballistik raket vurulub. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İran ərazisindən atılan raket Suriyanın hava məkanında vurulub. İtki yoxdur. Aralıq dənizinin şərqində olan NATO qüvvələri tərəfindən vurulan raketin qalıqları Türkiyənin Hatay vilayətinin ərazisinə düşüb.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel KarauzDemokrat.az-a açıqlamasında deyib ki, Türkiyə Prezident Administrasiyası tərəfindən bütün zəruri təhlükəsizlik tədbirləri görülüb:
“Türkiyənin sərhədlərinin və hava məkanının təhlükəsizliyini tam təmin etmək üçün kifayət qədər imkan və qabiliyyətə malik olduğu vurğulanır. Gərginliklərin həllində müharibə deyil, diplomatiya və qarşılıqlı anlaşmaya üstünlük verilməlidir. Çünki belə münaqişənin genişlənərək bütün regionu əhatə etməsi ciddi risklər yarada bilər. Hadisə ilə bağlı ehtimallardan biri də raketin texniki nasazlıq səbəbilə istiqamət dəyişməsi ola bilər. Digər ehtimala görə isə raketin müəyyən mərhələdən sonra İran daxilindəki və ya digər manipulyativ qüvvələrin təsiri ilə istiqamətinin dəyişdirilməsi mümkündür”.
O bildirib ki, Şərqi Aralıq dənizində yerləşən NATO hava müdafiə qüvvələrinin aktiv şəkildə müdaxilə etməsi Türkiyənin NATO-nun raketdən müdafiə sisteminin faktiki qoruması altında olduğunu göstərir:
“Bu hadisə regionda İran-ABŞ-İsrail gərginliyinin təsirlərinin Türkiyə hava məkanına qədər genişlənməsi kimi qiymətləndirilir. Bu addımın həm də NATO və Türkiyənin reaksiyasını yoxlamaq məqsədi daşıya biləcəyi istisna edilmir. Türkiyə nə müharibədən əvvəl, nə də müharibə dövründə İrana qarşı düşmən mövqe sərgiləməyib. Bu səbəbdən İranın Türkiyəyə qarşı belə bir addım atmasını izah edəcək məntiqli səbəb görünmür. Məsələ ilə bağlı iki ölkənin Xarici İşlər nazirlikləri arasında aparılan müzakirələr zamanı vəziyyətin hər iki tərəf üçün aydınlaşdırıldığı ehtimal olunur”.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Leyla Turan Demokrat.az


