Evlərdə ən çox rast gəlinən problemlərdən biri olan əlüzyuyan tıxanmasının sadə və sərfəli həll yolu açıqlanıb. Boruların daxilində uzun müddət toplanan yağ qalıqları, sabun çöküntüləri, saç telləri və kalsium qatları suyun sərbəst axmasına mane olur. Nəticədə su gec gedir, bəzi hallarda isə tamamilə dayanır. Ənənəvi soda və sirkə üsulu isə hər zaman gözlənilən effekti vermir.
Demokrat.az xəbər verir ki, sərtləşmiş yağ və ərp yığınlarını parçalamaqda limon duzu daha təsirli vasitə sayılır. Bu maddə boruların divarlarına yapışan çirk qatını zəiflədir və qalıqların səthə tutunmasını çətinləşdirir. Qaynar su ilə birlikdə tətbiq edildikdə yüksək temperatur parçalanma prosesini sürətləndirir. Nəticədə daşlaşmış maddələr yumşalır və suyun axını bərpa olunur.
Üsulun tətbiqi olduqca sadədir. Əvvəlcə tutulmuş hissəyə iki xörək qaşığı limon duzu tökülür və maddənin boru daxilinə təsir etməsi üçün bir neçə dəqiqə gözlənilir. Daha sonra təxminən bir litr qaynar su yavaş şəkildə əlavə olunur. Prosedurdan sonra ən azı 15 dəqiqə ərzində soyuq su axıdılmaması tövsiyə edilir. Tıxanma dərin səviyyədədirsə, bu prosesi bir neçə gün fasilə ilə təkrar etmək mümkündür.
Xəbərdarlıq olunur ki, limon duzu xlorlu və digər sərt kimyəvi təmizləyicilərlə qarışdırılmamalıdır. Bu cür qarışıqlar zərərli qazın yaranmasına səbəb ola bilər. Əgər su ümumiyyətlə getmirsə və pis qoxu davamlı xarakter alıbsa, problem boruların mexaniki nasazlığından qaynaqlana bilər. Belə hallarda santexnik xidmətinə müraciət etmək daha doğru addım sayılır.
Həmçinin oxu: 13-cü dəfə burun əməliyyatı oldu Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu 'Elif' əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı — FOTO
İsmayıl Demokrat.az


