Xəbər verdiyimiz kimi, Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.
Demokrat.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən növbəti sessiyasında qərar qəbul edilib.
Fərid Bağırzadə 1994-cü ildə Bakı şəhərində dünyaya gəlib. Ali təhsilini 2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində İnformasiya texnologiyaları ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi alıb. Təhsilini davam etdirərək 2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsində “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə magistr pilləsini bitirib.
Əmək fəaliyyətinə özəl sektorda başlayan F.Bağırzadə 2016–2018-ci illərdə “Azeri Retail” MMC-nin Əmtəə dövriyyəsi və logistika departamentində çalışıb. 2019-cu ildən etibarən isə dövlət qulluğunda fəaliyyət göstərib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə işləyib, son olaraq Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri olub.
Sonrakı mərhələdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Aparat rəhbəri vəzifəsinə təyin edilib. Nazir təyinatınadək isə nazir müavini kimi fəaliyyət göstərib və eyni zamanda nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edib.
Fərid Bağırzadə Yeni Azərbaycan Partiyasının üzvüdür.
Demokrat.az


