Kriminal Özəl

Qızın ad günündə kafeni bəyənmədi deyə dava düşdü — Gördüm ki, polislər məni axtarır

Qızın ad günündə kafeni bəyənmədi deyə dava düşdü — Gördüm ki, polislər məni axtarır

Abşeron rayonunda 1998-ci il təvəllüdlü Təhməz bibisi oğlu Əlvana (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2025-ci ilin martın 16-da rayonun Digah qəsəbəsində baş verib. Təhməz həmin gün gecə saat 02:30-da alkoqol sərxoşluğu vəziyyətində görüşə çağırdığı qohumu Əlvanın hadisədən bir az əvvəl Mehdiabad qəsəbəsində yerləşən kafedə təşkil olunmuş ad günü məclisini tez tərk edərək getməsinə görə irad bildirib.

Həmin səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verərkən Əlvanın üzərinə hücum edib. Əl, yumruq zərbəsi ilə onun sifət, göz nahiyyəsinə vurub. Təhməzin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Təhməz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Təhməz ifadəsində göstərib ki, zərərçəkmiş Əlvan onun doğma bibisi oğludur: “Hadisə baş verən günü yəni, 2025-ci ilin martın 15-də qeyri-rəsmi münasibətdə olduğu Günel adlı şəxsin ad günü münasibəti ilə Mehdiabad qəsəbəsində kafelərin birində keçirilən məclisdə Əlvan da iştirak etdi. Əlvan həmin vaxt kafeni xoşlamadığını və bununla bağlı iradını bildirərək oradan getdi. Mən isə onun bu hərəkətini yanlış hesab etdim”.

Təqsirləndirilən şəxs deyib ki, martın 16-da gecə saatlarında kafeni tərk etməsi məsələsini aydınlaşdırmaq üçün bibisi oğlu Əlvanın yaşadığı evə gedib və ona söhbət etmək üçün küçəyə çıxmasını söyləyib:

“Bir neçə dəqiqə keçməmiş Əlvan yanıma gəldi. Ona kafedən getməsi ilə bağlı etdiyi hərəkətlərinin doğru olmadığını bildirdim. Əlvan mənim izahımı düzgün anlamadı və mənə qarşı nəlayiq ifadə işlətdi. Dedi ki, nə edibsə, yaxşı edib. Mən Əlvanın dediyi sözlərdən əsəbləşdim, içkinin təsirindən onun üz nahiyəsinə yumruqla zərbə vurdum. Əlvan isə şikayət edəcəyini deyərək oradan getdi. Bir müddət sonra xəbər tutdum ki, Əlvan barəmdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verib”.

Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Buna səbəb isə onların barışması olub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova