Siyasət Özəl

ABŞ-nin İran planı baş tutmadı — “Vyetnam ssenarisi” hazırlanır

ABŞ-nin İran planı baş tutmadı — “Vyetnam ssenarisi” hazırlanır

“Ümumilikdə bölgədə vəziyyət artıq bütün həddləri aşmaq üzrədir. Regional, hətta qlobal müharibə riski daşıyan prosesin şahidi oluruq. İran bu dəfə əvvəlki kimi zəif və məhdud cavablarla kifayətlənmədi. Əvvəllər əsasən kiçik miqyaslı, simvolik addımlar atırdısa, indi daha geniş və sistemli şəkildə hərəkət edir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

O bildirib ki, İran ABŞ-nin qurduğu və ya istifadə etdiyi hərbi obyektləri və hədəfləri daha geniş coğrafiyada vurmağa başlayıb:

“ABŞ-nin İraqda, İordaniyada, Birləşmiş Ərəb Əmirliklərində, Qətərdə, Səudiyyə Ərəbistanında və digər ölkələrdə yerləşən obyektləri hədəfə alınıb. Hətta mülki infrastruktura yaşayış binalarına, hava limanlarına və ticarət obyektlərinə zərbələr endirilməsi halları müşahidə olunub. Faktiki olaraq İran bölgədə ciddi gərginlik və təşviş mühiti yaratmağa çalışır. Məqsəd bölgə ölkələrinin ABŞ-yə dəstəyini zəiflətmək və onları çəkindirməkdir. Eyni zamanda, İranın Fransanın hərbi bazasına zərbə endirməsi, digər ölkələrin obyektlərini hədəf alması və Hörmüz boğazında tankerlərə zərbələr endirməsi onu göstərir ki, İran artıq “qırmızı xətt” anlayışını nəzərə almır və əvvəlki məhdudiyyətlər çərçivəsində hərəkət etmir”.

O deyib ki, İran əvvəlcə ABŞ-nin hava hücumundan müdafiə sistemlərini yormaq, zəiflətmək strategiyasını seçib:

“Bundan sonra isə İsrailə qarşı daha effektiv və birbaşa zərbələr endirə biləcəyi gözlənilir. İranın daha müasir və effektiv silahlardan istifadə etdiyi qeyd olunur. Hava hücumundan müdafiə sistemlərini zəiflətmək istiqamətində müəyyən nəticələr əldə olunduğu da görünür. Bütün bunlar qarşı tərəfin planlarında dəyişikliklərə səbəb olur. ABŞ və İsrail bu əməliyyatları qısa müddətli bir neçə günlük və ya həftəlik hərbi əməliyyat kimi planlaşdırmışdılar. Plan belə idi ki, qısa müddətli zərbələrdən sonra ölkə daxilində hakimiyyət boşluğu yaranacaq və bundan istifadə edərək istədikləri siyasi nəticəni əldə edəcəklər. Lakin görünür ki, hadisələr onların planlaşdırdığı kimi inkişaf etmədi. İran daha hazırlıqlı oldu. Qısa müddətli idarəetmə boşluğu yaransa da, bu uzun çəkmədi və cavab zərbələri gecikmədi. Hazırda proses sistemli və mərhələli şəkildə davam edir. Bu isə onu göstərir ki, münaqişə uzunmüddətli qarşıdurmaya çevrilə bilər. Hətta mümkündür ki, burada ABŞ üçün yeni bir “Vyetnam ssenarisi” hazırlanır və Çinlə Rusiya İranı müxtəlif formalarda dəstəkləyərək ABŞ-ni uzunmüddətli və yorucu münaqişəyə çəkməyə çalışırlar. Bu münaqişənin regional müharibəyə çevrilmə riski var və hətta qlobal müharibəyə transformasiya olunma ehtimalı da istisna deyil”.

Məlumat üçün bildirək ki, "Vyetnam ssenarisi" ifadəsi adını "Vietnam War" müharibəsindən götürür və böyük dövlətin başqa ölkədə uzunmüddətli, bahalı və nəticəsi qeyri-müəyyən olan silahlı münaqişəyə cəlb olunmasını ifadə edir; bu anlayış adətən müharibənin illərlə uzanması, partizan üsullarının üstünlük təşkil etməsi, yerli əhali arasında dəstəyin zəif olması, hərbi üstünlüyə baxmayaraq siyasi məqsədlərə nail olunmaması və nəticədə daxildə ictimai narazılığın artması kimi xüsusiyyətlərlə xarakterizə olunur və bu gün siyasi şərhlərdə hər hansı ölkənin çıxışı çətin olan hərbi-siyasi bataqlığa sürüklənməsi mənasında metafor kimi işlədilir.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova