Kriminal Özəl

Qayınatasının başına daş çırpdı, sonra da döydü

Qayınatasının başına daş çırpdı, sonra da döydü

Yardımlı rayonunda 1989-cu il təvəllüdlü Fərid qayınatası Elmana (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Fərid kənd ərazisində əvvəllər aralarında qohumluq münasibətləri zəminində baş vermiş narazılıqlar səbəbindən qayınatası Elmanın baş nahiyəsinə istintaqa məlum olmayan daş parçası ilə bir zərbə endirib, sağ gözünə yumruqla vurub.

Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, Yardımlı rayonunun kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır:

“Rayon ərazisində fəaliyyət göstərən MMC-də elektromontyor işləyirəm. 2017-ci ildə Samirə ilə evlənmişəm. Həmin evlilikdən hamısı azyaşlı olmaqla 2 oğlan və 1 qız övladım var. Evləndiyim gündən etibarən qayınatam Elman və arvadımın digər qohumları ilə münasibətim soyuq olub”.

Fəridin ifadəsinə görə, 2025-ci ilin aprelin 26-də, günorta saatlarında atası Məhəmmədin üzünün qızardığını görüb: “Atamdan niyə üzünün qızardığını soruşdun. Atam da mənə qayınatam Elmanın qardaşı Vüsalın şillə ilə üzünə vurduğunu dedi. Mən əvvəllər də aramızda narazılıqlar olduğundan və baş vermiş bu hadisə ilə əlaqədar əsəbləşərək qayınatamı vurmaq qərarına gəldim. Həmin tarixdə saat təxminən 17 radələrində yaşadığım evdən çıxaraq kəndin mərkəzinə hərəkət etdim. Həmin vaxt qayınatamın kənddəki marketin qarşısında dayandığını gördüm. Yerdən təxminən ovucu böyüklüyündə bir daş götürdüm və həmin daşı göy rəngli sellofan torbaya bükdüm. Qayınatamın dayandığı marketin arxasına gəldim. Sellofan torbaya bükdüyüm daş ilə qayınatamın başının arxa nahiyəsinə bir zərbə vurdum. O, geriyə dönərək məni gördü. Həmin vaxt sağ yumruğum ilə Elmanın sağ gözünə bir zərbə daha vurdum”.

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci, Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işinin icraatına xitam verilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova