Sağlamlıq Özəl

Başı ağrıyan qadın qəfil öldü: Bu əlamətləri görsəniz, vaxt itirməyin

Başı ağrıyan qadın qəfil öldü: Bu əlamətləri görsəniz, vaxt itirməyin

Türkiyədə şiddətli baş ağrısı şikayəti ilə həkimə müraciət edən qadının qısa müddət sonra həyatını itirməsi hər kəsdə böyük təşviş yaradıb. Çox vaxt miqren və ya sadə yorğunluq deyib keçdiyimiz bu ağrılar əslində geri dönüşü olmayan faciələrin ilk siqnalı ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi baş ağrıları beyin qanaması, insult və ya meninqit kimi ölümcül təhlükələrin gizli əlamətidir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tibb eksperti Mərdan Bağırov bildirib ki, şiddətli baş ağrısı heç də hər zaman sadə bir hal hesab olunmamalıdır. Ekspertin sözlərinə görə belə ağrılar bəzən orqanizmin son xəbərdarlığıdır.

"Belə ağrılar bəzən həyati təhlükə daşıyan vəziyyətlərin ilk əlaməti ola bilər. Məsələn, subaraknoid qanama beyində damar partlaması nəticəsində yaranan qəfil və çox güclü baş ağrıdır və müalicə gecikərsə ölüm riski yüksəkdir. İntrakranial qanama və ya insult də oxşar şəkildə qəfil baş ağrısı, ətraflarda zəiflik, nitq pozuntuları ilə özünü göstərə bilər. Beyin infeksiyaları olan meningit və ensefalit yüksək hərarət və boyun sərtliyi ilə müşayiət olunan, həyati təhlükəsi olan digər səbəblərdəndir" - deyə ekspert xəbərdarlıq edib.

Həkimlər bildirirlər ki, hər baş ağrısı eyni risk dərəcəsinə malik deyil. Xüsusilə "həyatımın ən güclü ağrısı" kimi xarakterizə edilən qəfil sancılar zamanı saniyələr belə böyük əhəmiyyət kəsb edir. Ekspertin fikrincə əvvəlki ağrılara bənzəməyən, qusma və görmə pozuntusu ilə müşayiət olunan hallarda vaxt itirmək olmaz.

"Şiddətli baş ağrısını yüngül qəbul etmək ölümə səbəb ola bilər. Qısaca desək, şiddətli baş ağrısı heç vaxt sadə bir hal kimi qiymətləndirilməməli, xüsusən qəfil başlayıb digər ciddi əlamətlərlə müşayiət olunursa, dərhal tibbi yardım tələb edir" - deyə Mərdan Bağırov vurğulayıb.

Tibbi statistikaya əsasən vaxtında müdaxilə edilən beyin qanamalarında sağ qalma şansı kəskin şəkildə artır. Bu səbəbdən ağrıkəsicilərlə vaxt qazanmaq əvəzinə dərhal peşəkar müayinədən keçmək həyat qurtarır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova