Siyasət Özəl

Əfqanıstan-Pakistan müharibəsindən ən karlı çıxan ölkə bilindi

Əfqanıstan-Pakistan müharibəsindən ən karlı çıxan ölkə bilindi

Əfqanıstan və Pakistan arasında illərdir davam edən gərginlik artıq açıq müharibə fazasına keçib. İki qonşu ölkə arasındakı Durand xətti boyunca yaşanan toqquşmalar hər iki tərəf üçün ağır itkilərlə nəticələnir. Son rəsmi məlumatlara görə Əfqanıstan tərəfindən 133 nəfər həyatını itirib, Pakistan tərəfi isə 55 hərbçisinin öldüyünü təsdiqləyib. Pakistanın Müdafiə naziri Khavaja Muhammed Asıf tərəfindən verilən "Səbrimiz daşdı, artıq aramızda açıq müharibə var" bəyanatı bölgədə vəziyyətin nə dərəcədə kritik olduğunu göstərir. Lakin bu qanlı qarşıdurmanın kölgəsində regionun gələcəyini başqa güc formalaşdırır.

Hadisələrin gedişatını izlədikdə və statistik göstəricilərə baxdıqda bu böhranın əsas qalibinin Çin olduğu üzə çıxır. Pekin həm Qabil, həm də İslamabad üzərində qurduğu strateji əlaqələrlə prosesi öz xeyrinə idarə etməyi bacarır. Bir tərəfdən Pakistanın ən böyük silah tədarükçüsü kimi çıxış edir, digər tərəfdən Əfqanıstan iqtisadiyyatının tək ümid yerinə çevrilir.

Pakistan ordusunun son zamanlar arsenalına qatdığı hərbi texnikalar diqqət çəkir. Çin bu ölkəyə 40 ədəd beşinci nəsil J-35 qırıcı təyyarəsi göndərib. Bununla yanaşı KJ-500 AWACS erkən xəbərdarlıq sistemləri və HQ-19 hava hücumundan müdafiə sistemləri də Pakistanın hərbi gücünü artırmaq üçün Pekindən gəlir. J-35 kimi müasir döyüş təyyarələrinin bölgədəki tarazlığı Pakistanın xeyrinə dəyişdiyi sirr deyil. Bu hərbi dəstək Pakistana öz sərhədlərini qorumaq üçün güvən versə də faktiki olaraq ölkəni hərbi texnologiya baxımından Çindən tam asılı vəziyyətə salır.

Sərhədin o biri tərəfində, yəni Əfqanıstanda isə mənzərə tamamilə fərqlidir. Taliban hakimiyyətə gəldikdən sonra beynəlxalq təcridlə üzləşən ölkə üçün Çin yeganə böyük qapı rolunu oynayır. Hazırda Əfqanıstanın 5 milyard dollarlıq ümumi xarici investisiya fondunun təxminən 3,48 milyard dolları məhz Çinin payına düşür. Yerli istehsalın demək olar ki olmadığı, büdcənin 28 faizinin təhlükəsizlik xərclərinə getdiyi bir şəraitdə Pekinin pulları Kabili ayaqda tutan əsas sütundur.

Mövcud böhranın kökündə dayanan 2640 kilometrlik Durand xətti isə hələ 1893-cü ildə ingilislər tərəfindən çəkilmişdi. Peştun qəbilələrini iki yerə ayıran bu süni sərhəd bu gün də qan axmasına səbəb olur. Əfqanıstan bu xətti heç vaxt rəsmi sərhəd kimi tanımayıb və Pakistanın oraya çəkdiyi polad maneələri işğal nişanəsi sayır. Amma maraqlıdır ki, tərəflər bir-biri ilə savaşdıqca hər iki ölkənin iqtisadi və hərbi gələcəyi eyni mərkəzə, Çinə bağlanır. Beləliklə silahı satan da, dağılmış iqtisadiyyata pul yatıran da eyni tərəf olur.

İki qonşu arasındakı bu düşmənçilik regionda yeni asılılıq xəritəsi cızır. Pakistan və Əfqanıstan əsgərləri sərhəddə üz-üzə gəldikcə Pekin öz strateji nüfuzunu və iqtisadi maraqlarını daha da möhkəmləndirir. Görünən odur ki, bu müharibənin gedişatından asılı olmayaraq masada ən böyük payı elə Çin götürəcək.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova