Kriminal Özəl

Şüşəni sındırmaq 1000 manata başa gəldi — Qardaşlar arasında qəribə dava

Şüşəni sındırmaq 1000 manata başa gəldi — Qardaşlar arasında qəribə dava

Masallı rayonunda 1991-ci il təvəllüdlü Ələkbər qardaşı Kərəmə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. Ələkbər yaşadığı evinin həyətində qardaşı Kərəm ilə mübahisə edib.

Mübahisə Kərəmin ondan yaşadıqları evin pəncərəsinin şüşəsini hansı səbəbdən sındırmasını ayınlaşdırmaq istəyərkən yaranıb. O, şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı yumruqla Kərəmin sifət nahiyəsinə bir neçə dəfə zərbə vurub.

Ələkbərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Ələkbər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, qardaşı Kərəmlə aralarında heç bir ədavət, düşmənçilik və qərəzli münasibəti yoxdur: “Əvəllər küsülü olsaq da, sonradan barışmışıq. Axır vaxtlar Kərəm mənimlə bilmədiyim səbəbdən küsdü və məni danışdırmadı. Mən kənddə yerləşən ata evində yaşayıram. Kərəm isə ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən əvvəl dəqiq xatırlamadığı saatda kənd ərazisindən yaşadığı evə gələrkən Kərəmin evdə olduğunu görüb və oradan uzaqlaşaraq gedib:

“Həmin vaxt aramızda heç bir ünsiyyəti olmadı. Həmin gün gecə saatlarında pivə içkisi qəbul etdim və gecə saat 2 radələrində yaşadığım evin həyətinə gəldim. Atam Şirzad oğluna məxsus avtomobilin arxa yük yerindən təxminən 1 metr uzunluğunda beton dağıdan aparatı götürdüm və evin ön hissəsinə yerə qoyarkən sərxoş olduğumdan, sərbəst gəzə bilmədiyimdən həmin aparat ehtiyatsızlığımdan evin ön hissəsindəki pəncərəyə dəydi, pəncərənin şüşəsi sındı. Şüşənin sınmış hissələri mənim qol nahiyəmi kəsdi və qolumdan qan axmağa başladı. Həmin vaxt Kərəm evdən çölə çıxaraq üzərimə hücum çəkdi. Mən nə olduğunu dərk etməsəm də, özümü müdafiə etmək üçün əlim ilə Kərəmi itələyərək özümdən kənarlaşdırmağa çalışdım. Lakin, konkret olaraq onun bədəninin hansı nahiyəsinə toxunaraq itələdiyimi xatırlamıram. Həmin vaxt atam bizi ayırdı və mübahisəyə son qoyuldu. Bundan sonra evdən getdim. Qardaşımın burunun yumşaq toxumalarının əzilərək şişkinləşməsi xəsarətləri ola bilsin ki, aramızda yaranmış mübahisə zamanı əlim ilə onun sifət nahiyəsindən itələməyim nəticəsində yaranıb. Mən Kərəmə qəsdən heç bir bədən xəsarəti yetirməmişəm. Kərəmin bədəni üzərində olan digər xəsarətlərin isə hansı şəraitdə yarandığını bilmirəm”.

Kərəmin ifadəsinə görə, Bakı şəhərində yaşadığı üçün arabir istirahət etmək və valideynləri ilə görüşmək məqsədilə Masallı rayonuna gəlib-gedib: “Məlum hadisə günü də istirahət etmək məqsədilə Bakı şəhərindən atamın evinə qonaq getdim. Lakin, həmin gün Ələkbərlə görüşmədim. Mən gün ərzində spirtli içki qəbul etdim, yatmaq məqsədilə evin yataq otağına daxil oldum. Gecə saat 2 radələrində yatdığım evin ön hissəsindəki pəncərənin şüşəsinin sınması səsini eşidərək yuxudan ayıldım və dərhal evin həyətinə düşdüm. Ələkbərin üzərinə gedərək, ondan hansı səbəbdən şüşəni sındırmasının səbəbini soruşdum. O, vəhşicəsinə heç bir cavab vermədən bir neçə dəfə qəsdən yumruqla burun nahiyəmə, başımın sol təpə nahiyəsinə və dodaq nahiyəmə vuraraq mənə xəsarət yetirdi”.

Masallı Rayon Məhkəməsinin hökmü ilə Ələkbər 1000 manat məbləğində cərimə edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova