Siyasət Özəl

"Bu gün əsas təsəllimiz Xocalıya qayıdış, doğma şəhərin bərpası və həyatın yenidən canlanmasıdır"

Bu gün əsas təsəllimiz Xocalıya qayıdış, doğma şəhərin bərpası və həyatın yenidən canlanmasıdır

26 fevral 1992-ci il tarixində Xocalı şəhərində baş vermiş və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri kimi yadda qalan qətliamdan 34 il ötür. Həmin gecə şəhər hücuma məruz qalıb, nəticədə 106-sı qadın, 63-ü uşaq, 70-i isə ahıl olmaqla, ümumilikdə 613 dinc və silahsız mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib.Faciə zamanı yüzlərlə insan yaralanıb, 1275 nəfər girov götürülüb, çoxsaylı sakinlərin taleyi isə uzun illər naməlum qalıb. Şahid ifadələri və faktlar mülki əhaliyə qarşı ağır işgəncələrin tətbiq edildiyini göstərir. Xocalı hadisələri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilir.Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayət kimi xarakterizə olunur. Hər il 26 fevral tarixində ölkə daxilində və xaricdə Xocalı qurbanlarının xatirəsi dərin hüzn və ehtiramla yad edilir, faciəyə hüquqi-siyasi qiymət verilməsi istiqamətində çağırışlar səsləndirilir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Xocalı soyqırımını törədən hərbi cinayətkarların məqsədi Azərbaycan xalqını Qarabağ uğrunda mübarizədə sarsıtmaq, onu qırılma nöqtəsinə çatdırmaq idi:

“Məhz bu səbəbdən xalqımıza qarşı yalnız etnik mənsubiyyətinə görə belə ağır və amansız cinayət törədildi. Lakin düşmən qüvvələr nəticə etibarilə öz niyyətlərinə nail ola bilmədilər. Azərbaycan xalqı bu gün Xocalıya qayıtmaqla, Qarabağı işğaldan azad etməklə erməni hərbi cinayətkarlarının və işğalçı siyasətin əsl məqsədlərinə çata bilmədiyini nümayiş etdirdi. Azərbaycan xalqı mənəviyyatca güclü, tarixinə sahib çıxan və öz sözünü deməyi bacaran bir xalqdır. Xocalı faciəsindən uzun illər keçməsinə baxmayaraq, biz həmin torpaqları azad etməyə və ədaləti bərpa etməyə nail olduq. Bu gün əsas təsəllimiz Xocalıya qayıdış, doğma şəhərin bərpası və həyatın yenidən canlanmasıdır”.

Deputat bildirib ki, ən mühüm vəzifələrdən biri də Xocalı həqiqətlərini bizdən sonrakı nəsillərə çatdırmaqdır:

“Gənclər dostunu və düşmənini tanımalı, baş vermiş cinayətlər haqqında dolğun məlumata sahib olmalıdırlar. Eyni zamanda, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır ki, bu cür əməllər təkcə bir xalqa qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayətlərdir. Buna görə də biz il boyu, xüsusilə 26 fevral tarixində Xocalı şəhidlərinin əziz xatirəsini ehtiramla yad edir, bu faciəni milli iradəmizin, mübarizə əzmimizin və tarixi yaddaşımızın ayrılmaz hissəsi kimi gələcək nəsillərə və dünyaya çatdırırıq”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova