Şəki şəhərində 2007-ci il təvəllüdlü Tacir qız məsələsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı tanışı Nihadı (adlar şərtidir – red.) bıçaqlayıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü il noyabrın 1-də baş verib. Tacir həmin gün saat 23 radələrində Şəki şəhərində yerləşən “1941–1945 Ana Abidəsi” adlanan ərazidə tanışı Nihadla görüşüb. O, Nihadın sevgi münasibətində olduğu Süsənlə əlaqələrini kəsməsini, əvvəllər Süsənlə özünün sevgi münasibətlərinin olduğunu və yenidən həmin münasibətləri bərpa edəcəyini bildirməsini, eləcə də bu barədə aralarında olmuş söhbəti başqalarına deməsini irad tutub. Həmçinin nalayiq ifadələr işlədərək əl və ayaq zərbələri endirməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Tacir üzərində olan bıçaqla Nihadı bir dəfə vurub.
Tacirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Tacir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, evdə oturduğu zaman Nihad onu söhbətə çağırıb:
“Mən də onunla görüşdüm. Həmin vaxt aramızda qız məsələsi barədə söhbət etdik. Heç bir problem olmasın deyə oradan aralaşdıq. Sonra Sahib ilə qarşılaşdıq. Sahibin maşınına əyləşdim və ona dedim ki, o, Nihaddan yaşca böyükdür, sakitcə ona başa salsın ki, belə şey olmaz. Bundan sonra Sahibin Nihada nə çatdırdığını bilmirəm. 1-2 saat sonra Nihad mənə zəng etdi. Mən də fikirləşdim ki, yəqin Sahib Nihadı sakitcə başa salıb. Nihad telefonda dedi ki, yerimi deyim, gələrək məni maşınla götürəcək. Sonra gələrək məni maşınla götürdü. Birlikdə “Ana Abidəsi”nə getdik. Nihadla söhbət edən zaman məndən onun arxasınca danışıb-danışmadığımı soruşdu. Mən də elə bir hal baş vermədiyini bildirdim. Bundan sonra Nihad üzümə yumruq vurdu. Həmin vaxt başım gicəlləndi və yıxıldım. Sonra Nihad belimdən tutaraq məni arxaya itələdi. Elə bu vaxt ikimiz də daşın üstünə yıxıldıq. Həmin vaxt başım yerə dəydi. Sonra ayağa qalxdım. Digər uşaqlar qaçaraq getdilər. Nihadla mən tək qaldıq. Hava qaranlıq idi. Mən pis vəziyyətdə idim. Sonra məlum hadisə baş verdi. Mən Nihadı bıçaqla vurdum”.
Təqsirləndirilən şəxs bildirib ki, üzərində daim bıçaq gəzdirmir:
“Mən tələbə idim. Bıçaq özümün olmayıb. Zəng gələn zaman evdə olmuşam. Şəki şəhərində təhsil alıram. Bıçağı özümü qorumaq məqsədilə götürmüşdüm. Nihad ilə aramızda dava oldu. O, məni vurdu. Sonra mən də onu vurdum. Onu bıçaqla vurmuşam. Ona bir bıçaq zərbəsi vurmuşam”.
Zərərçəkmiş Nihad bildirib ki, Taciri çağıraraq qız barəsində onunla söhbət edib:
“Bundan sonra getdim. Daha sonra Sahib gələrək dedi ki, Tacir arxamca danışıb, məni təhqir edib, bıçaqlayacağını deyib. Mən də bundan sonra Tacirə zəng edərək görüşə dəvət etdim. Daha sonra Tacir və digər uşaqlarla birlikdə Şəki şəhərində yerləşən ‘Qala’ adlı ərazidəki ‘Ana Abidəsi’nə getdik. Tacirlə söhbət etdikdən sonra dava etdik. Həmin vaxt Tacir tərəfindən bıçaqlandım. Bundan sonra xəstəxanaya getdim”.
Nihad qeyd edib ki, eyni qızı həm o, həm də Tacir sevib:
“Tacirin qızla əlaqəsi olub. Mən də Tacirə dedim ki, qızla olan əlaqəni kəssin. O, mənimlə razılaşmadı. Bu söhbətlər hadisə günü olub. Sonra Sahib mənə dedi ki, Tacir arxamca danışıb. Mən də dəqiqləşdirmək üçün Taciri söhbətə dəvət etdim. Sonra qanlı olay baş verdi”.
İş üzrə adı keçən Süsən isə bildirib ki, kollecdə kompüter şəbəkələri ixtisası üzrə təhsil alır, 2-ci kurs tələbəsidir:
“Nihadı 2024-cü ilin sentyabrın sonlarından, Taciri isə 2024-cü ilin əvvəlindən tanıyıram. Tacirlə sevgi münasibətlərimiz, Nihadla isə dostluq münasibətlərim olub. Nihad bir neçə dəfə mənə sevgi etiraf etsə də, mən onunla dost olduğumu demişəm. Hər ikisi ilə münasibətim normal idi. Sahib isə bir neçə dəfə Nihadın yanında görsəm də, onunla heç bir münasibətim olmayıb. Tacirlə sevgili olduğumuz üçün hər gün mütəmadi olaraq telefonla danışırıq, görüşürük”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tacirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli Demokrat.az


