Ramazan ayı Azərbaycanda iaşə, pərakəndə satış və xidmət sektorunda özünəməxsus dəyişikliklər yaradır. Bu dövrdə alış-veriş və restoran aktivliyi daha çox iftar saatlarına yönəlir. Türkiyədən fərqli olaraq Azərbaycanda obyektlərin bütün gün fəaliyyət göstərməsi iqtisadi baxımdan fərqli mənzərə yaradır.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda oruc tutmaq Türkiyədən fərqli olaraq kütləvi xarakter daşımır:
“Türkiyədə və bir çox ərəb ölkələrində əhalinin əhəmiyyətli hissəsi oruc tutur. Buna görə də iaşə sektoru, restoran və kafelər, eləcə də pərakəndə ticarət bu rejimə uyğun fəaliyyət göstərir. Oruc saatlarında bir çox obyektlər ya zəif işləyir, ya da ümumiyyətlə fəaliyyətini dayandırır. Amma iftara yaxın və iftardan sonra tam gücü ilə fəaliyyətə başlayırlar. Azərbaycanla Türkiyə arasında bu baxımdan ciddi fərq var. Azərbaycanda əhalinin hamısı oruc tutmadığı üçün xidmət və ticarət sektorunda tam kütləvi rejim dəyişikliyi baş vermir.”
Ekspert qeyd edib ki, Azərbaycanda mağazalar adətən 7/24 fəaliyyət göstərir və iş rejimində ciddi dəyişiklik müşahidə olunmur. Iaşə sektorunda da ümumi fəaliyyət davam edir, lakin Ramazan ayında müəyyən struktur dəyişiklikləri baş verir.
“Xüsusilə iş qrafikləri, istehlak strukturu və məhsul tələbatında fərqlər yaranır. Məsələn, spirtli içkilərin satışı azalır, çünki cəmiyyətin bir hissəsi Ramazan ayında bundan çəkinir. Eyni zamanda ərzaq, meyvə-tərəvəz və digər qida məhsullarına tələbat artır. Satış dövriyyəsi daha çox iftara yaxın saatlarda və iftardan sonra yüksəlir. Restoranlar da fəaliyyətlərini buna uyğun qurur, iftar və sahur menyuları hazırlayır, işçi qüvvəsini əsasən axşam saatlarına yönləndirirlər. Türkiyə və ərəb ölkələrində olduğu kimi proses məcburi və tam kütləvi xarakter daşımadığı üçün Azərbaycanda iaşə və ticarət sektorunda iş saatları ciddi şəkildə dəyişmir. Bununla belə, axşam saat 7-8-dən sonra müştəri axınının artması Ramazan ayının iqtisadi ritmini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir" - o qeyd edib.
Ramazan ayı Azərbaycanda biznesin fəaliyyətini dayandırmır, sadəcə onun ritmini dəyişir. Günün ilk yarısında mağaza və restoranlarda müşahidə olunan sakitlik iftar saatına yaxın böyük canlanma ilə əvəzlənir. Bu vəziyyət sahibkarlardan daha çevik olmağı, işçi qüvvəsini və məhsul tədarükünü axşam saatlarına uyğun tənzimləməyi tələb edir. Beləliklə, Ramazan ayı ölkə iqtisadiyyatında kütləvi dayanma yox, istehlakın axşam saatlarına doğru sürüşdüyü fərqli bir dövr kimi yadda qalır.
Əfsanə Kamal Demokrat.az


