Əfqanıstana nəzarət edən Taliban rəhbərliyi qadın hüquqlarını ciddi şəkildə məhdudlaşdıran və zorakılığa yol açan yeni qanunvericilik aktı tətbiq edib. "Daily Mail" qəzetinin yaydığı məlumata görə, təşkilatın dərc etdiyi yeni cinayət məcəlləsi ərlərə öz arvadlarına qarşı fiziki güc tətbiq etmək icazəsi verir.
Demokrat.az xəbər verir ki, Talibanın ali lideri Hibatullah Axundzadə tərəfindən təsdiqlənən 90 səhifəlik sənəddə qeyd olunur ki, kişilər ciddi zərər verməmək şərti ilə tabeliyində olan qadınları fiziki cəzalandıra bilərlər. Bu qayda faktiki olaraq qadınların sosial statusunu kölələrlə bərabərləşdirir.
Yeni məcəllənin 9-cu maddəsi Əfqanıstan cəmiyyətini dörd fərqli təbəqəyə bölür. Bura din xadimləri, elita nümayəndələri, orta təbəqə və aşağı təbəqə daxildir. Ekspertlərin fikrincə, bu bölgü ölkədə iyerarxik sistem yaradaraq insan haqlarını tamamilə sıradan çıxarır.
Qanunvericilikdə ən diqqətçəkən məqamlardan biri də cəzaların sosial vəziyyətə görə fərqlənməsidir. Belə ki, eyni cinayəti törədən din xadimi və ya elita nümayəndəsi yalnız xəbərdarlıqla kifayətlənir. Lakin orta təbəqə üçün həbs, aşağı təbəqə üçün isə həm fiziki cəza, həm də həbs nəzərdə tutulur.
"De Mahakumu Jazaai Osulnama" adlanan yeni kodeks artıq icra olunması üçün ölkə məhkəmələrinə göndərilib. Bu addım dünya miqyasında insan haqları müdafiəçilərinin kəskin etirazına və qəzəbinə səbəb olub.
İsmayıl Demokrat.az


