Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub. hadisə C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbində qeydə alınıb. Ötən gün dərs prosesi zamanı məktəbin 10-a yaxın aşağı sinif şagirdi özlərini pis hiss ediblər. Dərhal şagirdlər xəstəxanaya yerləşdirilib, onlara yardım edilib. İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər. Hadisə ilə bağlı adiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
Baş verən hadisə məktəblərdə qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev Demokrat.az-a açıqlamasında bildirib ki, qida təhlükəsizliyində əsas meyarlardan biri HACCP, yəni, təhlükələrin təhlili və kritik nəzarət nöqtələri sisteminin tətbiqidir. Burada əsas diqqət kritik nəzarət nöqtələrinin müəyyən olunmasına, temperatur saxlama rejiminin qeydiyyatına, riskli məhsulların nəzarətdə saxlanmasına və çarpaz çirklənmənin qarşısının alınmasına yönəlir:
"İkinci mühüm meyar isə sanitar və gigiyenik nəzarətdir. Məsələn, soyuducuların temperaturu +2 ilə +5 dərəcə arasında, dondurucuların temperaturu isə mənfi 18 dərəcə olmalıdır. Hazır yeməklərin saxlanma temperaturu isə +65 dərəcədən aşağı olmamalıdır. Xammal və hazır məhsul üçün ayrı sahələr ayrılmalı, hətta ayrı bıçaq və doğrama lövhələrindən istifadə edilməli, dezinfeksiya jurnalları və gündəlik qeydiyyat aparılmalıdır. Bu proseslərə nəzarət edən əsas qurum Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir və həmin qurum məktəblərdə, eləcə də kafe və restoranlarda planlı və növbədənkənar yoxlamalar aparmalı, nümunələrin laborator analizini, təchizatçıların reyestrini və müvafiq sənədlərin yoxlanmasını həyata keçirməlidir".
Ekspert bildirib ki, ən həssas məqam təchizatçı və tədarükçü seçimidir.
"Məktəbləri qida ilə təmin edən şirkətlər üçün ISO 22000 və ya ekvivalent sertifikatın mövcudluğu, baytarlıq və fitosanitar sənədlər, istehsal partiyalarının izləmə sistemi və soyuq zəncir logistikasının təmin edilməsi vacibdir. Məktəblərdə məsuliyyət mexanizmi üç səviyyəli qurulmalıdır: birinci – operativ səviyyə (məktəb direktoru, təsərrüfat müdiri və mətbəx üzrə məsul şəxs); ikinci – təchizatçı səviyyəsi (məhsul partiyasının geri çağırılması, maddi məsuliyyət və müqavilənin ləğvi); üçüncü – dövlət nəzarəti (aidiyyəti qurum tərəfindən aktların tərtib olunması və inzibati və ya cinayət məsuliyyətinin tətbiqi). Mənim fikrimcə, əsas məsələlər bunlardır", - Samir Nəbiyev qeyd edib.
Qeyd edək ki, məktəblərdə qida təhlükəsizliyi standartlarının tam tətbiqi bu cür hadisələrin qarşısının alınmasında əsas şərt hesab olunur.
Əfsanə Kamal Demokrat.az


