"17 milyon Ramiz Mehdiyevin indiyədək mənimsədiyi vəsaitlərlə müqayisədə olduqca cüzidir"
BunuDemokrat.az-a açıqlamasındaAzərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elçin Mirzəbəyli deyib. O bildirib ki, üzə çıxarılmış bütün vəsaitlər hazırda istintaq prosesinin predmetidir:
“Həmin vəsaitlərin hara və hansı məqsədlərlə xərclənəcəyinə yalnız məhkəmə qərar verə bilər və bu qərardan sonra növbəti hüquqi prosedurlar müəyyənləşdiriləcək. Bu baxımdan, istintaq davam etdiyi bir mərhələdə hansısa təklif və ya təşəbbüslərin irəli sürülməsini doğru hesab etmirəm. Eyni zamanda düşünürəm ki, söhbət gedən məbləğ Ramiz Mehdiyevin indiyədək topladığı və faktiki olaraq mənimsədiyi vəsaitlərlə müqayisədə olduqca cüzidir. Qənaətimə görə, bu vəsait ümumi mənimsəmələrin yalnız çox kiçik bir hissəsini təşkil edir. Onun Yeni Azərbaycan Partiyasından çıxarıkması ilə bağlı məsələyə gəldikdə isə, bu barədə qərar vermək məhz partiyanın öz səlahiyyətindədir. Yeni Azərbaycan Partiyası ölkənin hakim siyasi qüvvəsidir. Prinsip etibarilə, bu kimi məsələlərin həlli və müvafiq addımların atılması da partiyanın daxili qərarları çərçivəsində həyata keçirilməlidir”.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti Ramiz Mehdiyev, Əli Kərimli və bir neçə digər şəxs barəsində cinayət işi ilə bağlı məlumat yayıb. Bildirilib ki, onlar xarici xüsusi xidmət orqanları ilə əlaqədə olaraq hakimiyyətin zorla ələ keçirilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə cəhd etməkdə şübhəli bilinirlər. İttihama görə, 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış “Milli Şura” və “Milyarderlər İttifaqı” çərçivəsində xaricdən maliyyə və təşkilati dəstək alınıb. Həmin vəsaitlərin kütləvi iğtişaşların təşkili və siyasi sabitliyin pozulmasına yönəldildiyi iddia olunur. Eyni zamanda, bəzi şəxslərin xarici dövlət nümayəndələri ilə gizli danışıqlar apardığı və qarşılıqlı razılaşmalar əldə etdiyi qeyd edilir. Ramiz Mehdiyevin 2025-ci ildə xarici tərəflərə dövlət idarəçiliyi ilə bağlı sənəd göndərdiyi və dövlətə xəyanətdə ittiham olunduğu açıqlanıb. Ona həmçinin cinayət yolu ilə əldə edilmiş böyük məbləğdə vəsaiti leqallaşdırmaq ittihamı verilib.
Leyla Turan Demokrat.az


