Kriminal Özəl

"Qonşum ailəmi izləyirdi" — Samuxdakı hadisənin təfərrüatı

Qonşum ailəmi izləyirdi — Samuxdakı hadisənin təfərrüatı

Samux rayonunda 1970-ci il təvəllüdlü Arif həmkəndlisi İlkinə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 18-də baş verib. Arif həmin gün səhər saat 05:30-da küçədə həmkəndlisi İlkin ilə aralarında mübahisə baş verib.O, şəxsi münasibətlər zəminində mübahisə zamanı əli ilə İlkinin üzünün sol nahiyyəsinə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Arifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Arif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, İlkin onun həmkəndlisi və eyni zamanda da qonşusudur: “Onunla münasibətlərimiz normal deyil və biz təxminən 8-10 ildir danışmırıq. Avqustun 18-də, səhər saat təxminən 5:30-da həyətyanı torpaq sahəsini suvaran zaman küçədən keçən su arxı dolduğu üçün sahəmə su yaxşı gəlməyib. Buna görə də küçədən keçən su arxını suyun yaxşı getməsi üçün bir qədər qazdım. Sonra əkin sahəsini suvaran zaman İlkin özünə məxsus maşını ilə küçədən keçən zaman yol palçıq olduğu üçün maşını küçədə bataraq qaldı. Mən isə bunu kənardan gördüm və maşının yanına gedərək kömək etmək üçün arxadan itələdim. Bu zaman isə İlkin maşının içindən mənə qarşı nalayiq ifadələr işlətdi və məni təhqir etdi. O, köməyimdən imtina edərək uzaqlaşmağımı tələb etdi. Sonra isə İlkin maşından düşərək üzərimə tərəf gəldi. Həmin vaxt biz əlbəyaxa olduq. Əlbəyaxa olan zaman sağ əlim ilə İlkinin sol üz nahiyəsinə vurdum. Bu zaman isə onun həyat yoldaşı maşınından düşərək üzərimə doğru gəldi. İlkin yerdən daşları götürərək mənə tərəf atdı. Həmin daşların mənə dəyəcəyindən qorxuduğum üçün həmin yerdən qaçmağa başladım. Bu səbəbdən də İlkinin atdığı daşlar mənə dəymədi. Baş vermiş hadisə zamanı xəsarət almamışam. Lakin əlim ilə İlkinin vuraraq ona xəsarət yetirmişəm”.

İş üzrə zərərçəkmiş İlkinin sözlərinə görə, qonşusu Ariflə münasibətləri normal deyil: “Təxminən 4 il bundan öncə Arif həyətyanı sahəmə girərək məni və ailəmi izləyib. Lakin bunu onun boynuna qoya bilməmişəm. Bu səbəbdən də onu güdmüşəm və gecə saatlarında həyətyanı sahəmdə tutmuşam. Həmin vaxt Arif ilə aramızda dava-dalaş olub. Həmin vaxtdan etibarən Arif ilə danışmıram”.

Samux Rayon Məhkəməsinin hökmü ilə Arif 6 ay müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı ünvanı hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Samux rayonu hüdudlarını tərk etməsi qadağan olunub.

Bundan əlavə onun üzərinə cəzaçəkmə müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova