Biləsuvar rayonunda 1991-ci il təvəllüdlü Şahlar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tamaraya (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin avqustun 4-də rayonun kəndlərindən birində baş verib.Şahlar həmin gün gecə saat 2 radələrində arvadı Tamara ilə birgə yaşadıqları evdə mübahisə edib. Şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Tamaraya xəsarət yetirib.
Şahların barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İttihama münasibət bildirən Şahlar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır, evlidir və himayəsində 2 uşağı var:
“Mən rəsmi olaraq heç bir yerdə işləmirəm. Salyan şəhərində yerləşən müəssisədə günəmuzd fəhlə kimi çalışaraq, ailəmin dolanışığını təmin edirəm. 2011-ci ildə Tamara ilə ailə həyatı qurmuşam. 2025-ci ilin avqustun 3-də işdən sonra yoldaşlarım ilə yemək yeyərkən spirtli içki qəbul etdim. Həmin gün saat 23 radələrində yaşadığım evə qayıtdıqdan sonra bizə məxsus quzulardan birinin xəstələndiyini öyrəndim. Spirtli içkinin təsiri altında olduğum üçün quzunun xəstələnməsinə görə arvadımı günahkar bildim. Arvadıma illərlə mal-qara saxladığını, lakin bir quzuya süd əmizdirməyi bacarmadığını dedim, ona irad tutdum. Bu zəmində aramızda mübahisə yarandı. Həmin mübahisə vaxtı özümdən çıxaraq, arvadımın üzərinə hücum etdim. Onun baş nahiyəsinə 2-3 dəfə yumruqla, bud nahiyəsinə isə bir neçə dəfə təpiklə zərbələr endirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra onun hirsi soyuyub və yataq otağına keçərək yatıb: “Səhəri gün sakitləşdim və etdiyim əməldən peşman oldum. Lakin Tamara məni bağışlamadı, Biləsuvar rayon polis şöbəsinə barəmdə şikayət etdi”.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Şahların barəsində 360 saat ictimai işlər növündə cəza təyin edilib.
Fariz Məlikli Demokrat.az


