Sosial Özəl

Azərbaycanda dövlət idarəçiliyində robot inqilabı — Süni intellekt məmur erasını bitirir

Azərbaycanda dövlət idarəçiliyində robot inqilabı — Süni intellekt məmur erasını bitirir

Dövlət idarəçiliyində süni intellektin tətbiqi və əməliyyatların robotlaşması son dövrlərdə diqqət mərkəzindədir. Bu yeniliklər qərar qəbul etmə prosesini sürətləndirir, eyni zamanda bəzi iş yerlərinin azalması riskini yaradır. Ekspertlər bildirirlər ki, süni intellekt yalnız dəstək aləti olmalı, son qərarlar insan tərəfindən təsdiqlənməlidir. Həmçinin əmək bazarında yaranacaq boşluqların idarə olunması üçün peşə hazırlığı və yenidən ixtisaslaşma proqramları vacibdir.

Məsələ ilə bağlı Demokrat.az-a danışan İnformasiya texnologiyaları üzrə mütəxəssis Natiq Məmişov bildirib ki, burada iki əsas məsələ mövcuddur: birincisi qərarın məsuliyyəti, ikincisi isə əmək bazarında iş yerlərinin azalması.

“Qərarın məsuliyyəti nədir? Əsasən, son qərarı insan təsdiq etməlidir. Dövlət qurumları tövsiyə verir, amma qərarın tətbiqi və təsdiqi insan tərəfindən aparılır”, – deyə ekspert vurğulayıb.

Natiq Məmişov qeyd edib ki, bu yanaşma artıq Avropa İttifaqı, Kanada kimi ölkələrdə tədricən standartlaşır və son nümunələrdən biri Sinqapurda müşahidə olunub. Burada vacib məsələlərdən biri modelin dizaynıdır: vendor və dövlət qurumları hansı məlumatlardan istifadə edir, məlumatın keyfiyyəti necədir, data tərəfdə məsul olan şəxs kimdir. Alqritmin seçimi, modelin hazırlanması və sistemin idarəsi də bu çərçivəyə daxildir.

Ekspertin sözlərinə görə, qərarın tətbiqi həmişə insan tərəfindən edilməlidir:

“Dövlət sektorunda maşın öyrənmə sistemləri istifadə olunsa da, çıxan qərarın izah edilə bilməsi vacibdir. Modeldə audit loqları olmalı, versiyalar izlənməli və yoxlamalar aparılmalıdır. Bu təmin olunmadan süni intellektin kritik sahələrdə istifadəsi təhlükəli sayılır”, – deyə o bildirib.

Alqoritmin şəffaflığının da önəmli olduğunu vurğulayan Natiq Məmişov bildirib:

“Model hansı düsturlardan və xüsusiyyətlərdən istifadə edib? Risk necə hesablanır? Vətəndaş çıxan qərara etiraz edə bilərmi və haqlı çıxa bilərmi? Süni intellekt yalnız prosesləri transformasiya edir".

Natiq Məmişov iş yerlərinin itirilməsi riskinə gəlincəbunun tam bir işsizlik dalğası yaratmayacağını, sadəcə peşə transformasiyasına səbəb olacağını bildirir. Məsələn, əvvəllər kredit mütəxəssisinin gördüyü texniki işi indi maşın öyrənmə modelləri icra edir, lakin işçilər bu texnologiyanı idarə etməyi öyrənərək yeni bacarıqlar qazanırlar. Dövlətin həyata keçirdiyi "ömür boyu təhsil" proqramları sayəsində kütləvi işsizliyin qarşısını almaq və iş prosesini daha səmərəli qurmaq mümkündür. Beləliklə, robotlar işçiləri tam əvəz etmir, sadəcə onların iş şəraitini optimallaşdırır.

“Müştəri tövsiyə verir, sistem ilkin qərarı çıxarır, amma son qərar insanda qalır. Beləliklə, süni intellekt yalnız iş şərtlərini optimallaşdırır, işçilərin yerini tam olaraq əvəz etmir. Ödəniş və digər proseslər hələ də insan nəzarətində qalır; sistem sadəcə əməliyyatları daha səmərəli edir, qərarın məsuliyyəti isə hər zaman insanda saxlanılır”, – deyə Natiq Məmişov vurğulayıb.

Qeyd edək ki, süni intellekt dövlət idarəçiliyində yalnız dəstək vasitəsi kimi istifadə olunmalı, kritik qərarların məsuliyyəti hər zaman insanlarda qalmalıdır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova