İmişli rayonunda 2005-ci il təvəllüdlü Fərid Allahverdiyev həmkəndlisi, 30 yaşlı Vüsal Allahverdiyevi qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 17-də rayonun Sarıxanlı kəndində baş verib.Fərid həmin gün saat 22 radələrində yaşadığı evdə atasının tanışı Rəşadla ilə mobil telefon vasitəsilə görüntülü danışığı zamanı həmkəndlisi Vüsalın ona Ruslan kimi tanınan qaynına görə hörmət etməsini bildirib, digər təhqiramiz sözlərlə cəmiyyət içində aşağılaması barədə sözlərini eşidib. O, qisas almaq niyyətilə Vüsalı öldürmək qərarına gəlib və evin mətbəxindən bir ədəd bıçağı götürərək kənddə yerləşən “Barber” adlı yeməkxananın qarşısına gəlib. Fərid Vüsalı yeməkxanadan çölə dəvət edib və yeməkxananın qarşısında atası barədə işlətdiyi əxlaqsız sözlərə görə öz iradını bildirib. Vüsal onun iradını qəbul etməyib, həm də vəfat etmiş anasının ünvanına təhqiramiz sözlər deyib.Bu zaman aralarında yaranan mübahisə zamanı qisas almaq niyyətilə bıçaq ilə Vüsalın həyat üçün mühüm orqan sayılan boyun nahiyəsinin sol tərəfindən bir dəfə vurub. Vüsal İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı aparılmasına baxmayaraq orada ölüb.
Fərid Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Vüsal Allahverdiyevi öldürmək fikri olmayıb. Onun sözlərinə görə, hadisə 17 yanvar 2025-ci ildə baş verib: “Söyüş və təhqir etdiyi üçün Vüsala bıçaq atmışam. Sonra şok vəziyyətinə düşmüşəm. Polis əməkdaşları gələrək məni aparan zaman onlara təslim olmuşam”.
Təqsirləndirilən şəxs bildirib ki, Vüsalı həmkəndlisi kimi tanıyıb: “Mənim və atamın Vüsalla normal münasibətlərimiz olub. Vüsalı öldürmək məqsədim olmayıb. Vüsal söyüş söydüyü üçün onu bıçaqla vurmuşam. Vüsal atamı və məni söyüb. Vüsal atamı yeməkxanada, məni isə yanında olan zaman söyüb. Vüsal atamı söydüyü zaman onların yanında olmamışam. Atam Vüsalın qohumu Rəşad adlı şəxslə telefonda danışan zaman eşitdim ki, Vüsal atamı söyüb. Rəşadı tanımamışam. Rəşad atamın sinif yoldaşıdır. Atam telefonda videogörüntülü Rəşadla danışıb. Rəşad atama “boş ver keçsin, cavandırlar, biz onu başa salarıq” dedi. Vüsalla atam həmin gün bir yerdə olublar, Rəşad isə Sumqayıt şəhərində yaşayıb. Həmin işlə bağlı Rəşad atama zəng etdi. Rəşadın atama zəng etməsinin səbəbini bilməmişəm. Ola bilsin ki, həmin məsələni aydınlaşdırmaq üçün zəng edib. Atam fağır və kasıb adamdır, heç vaxt kənddə dava-dalaş etməyib”.
Təqsirləndirilən şəxs deyib ki, qətl hadisəsini törədən zaman Lənkəran Dövlət Universitetinin II kurs tələbəsi olub: “Mən ali təhsil almışam. Vüsalın atamı söyməyim ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etməmişəm. Vüsalı vurduğum bıçağı evdən götürmüşəm. Vüsalın özünə zəng edərək onun harada olduğunu özümdən soruşmuşam. Vüsalın nömrəsi məndə olmayıb. Onun nömrəsini taparaq öz mobil nömrəsi ilə onu yığdım, harda olduğunu soruşdum. Vüsala “bir-iki məsələ var gəl, onu aydınlaşdıraq” dedim. O, isə telefonda da məni söydü. Həmin vaxt Vüsal içkili olub. Vüsalla telefonda danışan zaman atamın məsələsi ilə bağlı onunla görüşərək danışmaq istədiyimi demişəm. Vüsalın yanına piyada getmişəm. Vüsal ilə görüşməyə gedən zaman tək olmuşam, atam yanımda olmayıb. Atam arxamca gəlib. Yeməkxanaya girərək Vüsala buranın səs-küylü olduğunu bildirdim və çölə çıxaraq bir-iki dəqiqə söhbət edək dedim”.
Fərid deyib ki, görüş zamanı Vüsalla birgə yeməkxanadan çıxdıqdan sonra ona atasını niyə söyməsi ilə maraqlanıb: “Vüsal isə heç bir səbəb olmadan söydüyünü etiraf etdi. Vüsala necə yəni səbəb yoxdur, atamın heç kimlə işi olmadığını dedim. Vüsal mənə heç bir səbəb demədim. Mən də buna görə bir az əsəbləşdim. Daha sonra ara qarışdı. Vüsalla aramızda mübahisələrimiz yarandı. Vüsal mənə söyüş söydü. Mən də söyüşü götürə bilmədim. Vüsalın qol nahiyəsindən bıçaqla vurmaq istədim. Amma bıçaq təsadüfən onun boğaz nahiyəsinə dəydi. Vüsala bir bıçaq zərbəsi vurmuşam. Onu bıçaqla vurduqdan sonra maşın çağırdıq, onu xəstəxanaya apardılar. Vüsalı bıçaqla vuran zaman atam bir az aralıda olub. Vüsal ilə mübahisə edən zaman mənə əl qol hərəkətləri edib, məni çəkərək vurmaq istədi”. Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsal ilə mübahisələri olan zaman atası ona evə getməyi deyib: “Vüsalı vuran zaman yanımızda heç kim olmayıb. Onu vurduqdan sonra arxaya çəkilmişəm, qohumlarımın maşını ilə evə getmişəm. Atam da mənimlə birlikdə evə getdi. Polis şöbəsinə gedən zaman yolda polis əməkdaşları ilə rastlaşdım və polisə təslim oldum. Əvvəl atam polis əməkdaşlarına təslim olmuşdu ki, özü boynuna götürsün və mənim təhsilim yarıda qalmasın. Sonradan polis əməkdaşlarına hər şeyi özümün etdiyimi bildirdim. Vüsalı öldürmək məqsədim olmayıb. Əməlimdən peşmanam”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Fariz Məlikli Demokrat.az


