Qış aylarında evlərdə yaranan ən böyük problemlərdən biri çıxmayan yemək qoxuları, ağır hava və nəmişlikdir. Çoxumuz pəncərəni saatlarla azca açıq qoymaqla havanın təmizləndiyini düşünürük. Lakin Almaniyada geniş yayılan və "Lüften" adlanan üsul bunun tamamilə səhv olduğunu sübut edir.
Demokrat.az xəbər verir ki,alman mütəxəssislərin fikrincə, yanlış havalandırma nəinki qoxunu çıxarmır, hətta divarların soyumasına və evdə kif yaranmasına səbəb olur.
Bəs bu "möcüzəvi" üsul necə işləyir? Məntiq olduqca sadədir: pəncərələri biraz yox, tam açmaq! Buna "şok havalandırma" da deyilir. Gündə cəmi 1-2 dəfə, 5-10 dəqiqə ərzində üz-üzə olan pəncərələri açmaq daxildə çarpaz hava axını yaradır. Bu axın otaqdakı bütün ağır havanı və rütubəti sanki süpürgə kimi bayıra atır. Cəmi bir neçə dəqiqə çəkdiyi üçün evin divarları soyumağa macal tapmır, bu da istilik itkisinin qarşısını alır.
Xüsusilə yemək bişirdikdən sonra tətbiq edilən bu üsul evdəki karbon qazını və uçucu zərərli maddələri anında təmizləyir. Unutmayın ki, uzun müddət pəncərəni aralı qoymaq sadəcə büdcənizə ziyan vurur və divarları nəmləndirir. Evinizdə daha sağlam və yüngül hava istəyirsinizsə, almanların bu sadə "şok" üsulunu mütləq sınayın. Nəticəni cəmi 5 dəqiqə sonra hiss edəcəksiniz.
Aytən Demokrat.az


