Dünyanın ən yüksək intellekt əmsalına (IQ) malik insanı dedikdə bir çoxlarının ağlına dahi fiziklər və ya riyaziyyatçılar gəlsə də, onilliklərdir bu statusu Merilin Vos Savant adlı qadın daşıyır. O, təkcə rəqəmlərlə deyil, həm də iti məntiqi və ən mürəkkəb tapmacaları sadə dillə izah etmək qabiliyyəti ilə tanınan fenomendir. 1946-cı ildə ABŞ-da anadan olan Merilin hələ on yaşında ikən keçirilən testlərdə göstərdiyi nəticə ilə hər kəsi heyrətə gətirib. Onun IQ səviyyəsi 228 olaraq müəyyən edilibi ki, bu da orta statistik insanın göstəricisini iki dəfədən çox üstələyirdi. Bu qeyri-adi nəticəyə görə o, 1980-ci illərin sonunda "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən zəkalı insanı kimi daxil olaraq adını tarixə yazdırıb.
Demokrat.az xəbər verir ki, Merilin Vos Savantın dünyaşöhrətli olmasının əsas səbəbi onun uzun illərdir "Parade" jurnalında apardığı "Ask Marilyn" rubrikasıdır. Burada o, oxucuların göndərdiyi ən qəliz məntiq, riyaziyyat və fəlsəfə suallarını cavablandırır. Onun karyerasının ən səs-küylü hadisəsi isə "Monti Holl" ehtimal problemi ilə bağlıdır. Bu məsələyə verdiyi cavab zamanında minlərlə elm adamı və riyaziyyat professoru tərəfindən sərt tənqid olunmuş, hətta onun savadsızlığı iddia edilmişdi. Lakin sonradan aparılan dəqiq hesablamalar və kompüter simulyasiyaları sübut etdi ki, Merilin minlərlə alimin görə bilmədiyi o incə məntiqi düzgün tutubmuş.
Yüksək intellektinə baxmayaraq, Merilin heç vaxt özünü digər insanlardan üstün tutmayıb və zəkanı bir alət kimi xarakterizə edib. O, intellekti güclü bir mühərrikə bənzədir və hesab edir ki, mühərrikin nə qədər güclü olmasından asılı olmayaraq, sükanı hara döndərməyi bilmək daha vacibdir. Yazıçı və dramaturq kimi fəaliyyət göstərən Vos Savant insanların məntiqli düşünməsini və tənqidi təfəkkürünü inkişaf etdirməsini həyatının əsas qayəsi hesab edir. Onun fikrincə, həqiqi zəka sadəcə faktları yadda saxlamaq deyil, həyatdakı mürəkkəb düyünləri məntiqlə aça bilmək bacarığıdır. Bu gün də o, öz köşə yazıları və kitabları ilə milyonlarla insana aydın düşünmənin yollarını öyrətməyə davam edir və dahi olmağın təkcə rəqəmlərlə ölçülmədiyini sübut edir.
Kənan Demokrat.az


