Bakının mühüm qonağı var. ABŞ-nin Vitse-prezidenti Jey Di Vensin ölkəmizə səfəri sadəcə diplomatik görüş yox, Azərbaycan-Amerika münasibətlərində tamamilə yeni, daha sıx mərhələnin başlanğıcı hesab olunur. Prezident İlham Əliyevlə keçirilən görüşdə imzalanan "Strateji Tərəfdaşlıq haqqında Xartiya" iki ölkə arasındakı əlaqələri rəsmən ən yüksək səviyyəyə qaldırır.
Bu sənədi əslində keçən ilin yayında, avqust ayında Vaşinqtonda İlham Əliyev və Donald Tramp tərəfindən təməli qoyulmuş layihənin məntiqi davamı hesab etmək olar. Belə görünür ki, okeanın o tayında Azərbaycanın regiondakı çəkisi və strateji əhəmiyyəti xeyli artıb. ABŞ tərəfi bu xartiya ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha, həm də çox qətiyyətlə tanıdığını sənəd üzərində təsdiqləmiş olur.
Vitse-prezident Vens çıxışında maraqlı məqama toxunaraq, Azərbaycanın hərbi cəsarətini və sadiqliyini xüsusi qeyd edib. O, azərbaycanlı hərbçilərin Əfqanıstanda ABŞ dənizçiləri ilə çiyin-çiyinə vuruşduğunu və oradan ən son ayrılan tərəf olduğunu xatırladıb. Vensə görə, bu cəsarət və terrorçuluğa qarşı mübarizədə göstərilən dəstək iki ölkə arasındakı dostluğun sarsılmaz təməlidir. İndi isə həmin səhifəni çevirərək daha böyük iqtisadi tərəfdaşlığa keçmək vaxtının gəldiyi vurğulanır.
Səfərin və imzalanan sənədin ən diqqətçəkən məqamlarından biri "Tramp Marşrutu" (TRIPP) adlanan layihədir. Bu marşrut Naxçıvanla Azərbaycanın digər rayonları arasında birbaşa və maneəsiz əlaqəni təmin etməklə yanaşı, bölgənin iqtisadi taleyini dəyişmək gücünə malikdir. Vaşinqtonun bu layihəyə, eləcə də "Orta Dəhliz"ə dəstək verməsi o deməkdir ki, Azərbaycan artıq qlobal tranzit xəritəsinin mərkəzi oyunçularından biri kimi qəbul edilir.
Vens həmçinin Bakıdakı liderliyin regional sülh üçün əvəzolunmaz olduğunu diqqətə çatdırıb. O, Azərbaycan Prezidentinin həm türklər, həm də israillilərlə qura bildiyi nadir dostluq münasibətlərini Trampın xarici siyasət tərzi ilə müqayisə edib. Vitse-prezidentin fikrincə, məhz bu cür balanslı və güclü rəhbərlik sayəsində bir vaxtlar münaqişə olan yerdə artıq ticarət və rifahdan danışmaq mümkündür.
Gələcəyin texnologiyaları da bu əməkdaşlığın kənarında qalmayıb. Xartiyada süni intellekt, rəqəmsal infrastruktur və məlumat mərkəzlərinin qurulması kimi müasir bəndlər yer alıb. Yəni biz artıq təkcə neft-qaz yox, həm də texnoloji investisiyalar üçün Amerika nəhənglərinin hədəfindəyik. Hətta mülki nüvə enerjisi və kritik mineralların dünya bazarına çıxarılması kimi ciddi mövzularda da birgə addım atılması nəzərdə tutulur.
Təhlükəsizlik məsələsində isə Vaşinqton Azərbaycanın minatəmizləmə prosesindəki çətinliklərini nəzərə alaraq, həm maliyyə, həm də texnoloji dəstək verməyə hazır olduğunu bildirib. Bu, illərdir davam edən mina probleminin həllində ciddi sürətlənmə vəd edir. Görünən odur ki, bu xartiya sadəcə kağız üzərində qalmayacaq, çünki qarşıdakı üç ay ərzində konkret "yol xəritələri" və işçi qrupları yaradılmalıdır.
Bakıdakı bu görüş bir daha göstərir ki, Azərbaycan həm Şərqlə, həm də Qərblə öz milli maraqları çərçivəsində, bərabərhüquqlu dostluq qura bilən nadir ölkələrdəndir. Vensin səfəri ilə başlayan bu yeni dalğanın regionda sülhə və iqtisadi canlanmaya necə təsir edəcəyini isə yaxın aylarda daha aydın görmək mümkün olacaq.
İslam Demokrat.az


