Çinin elektrik avtomobil istehsalçısı BYD ABŞ hökumətini məhkəməyə verib.
Demokrat.az xəbər verir ki, şirkətin ABŞ-də fəaliyyət göstərən törəmə qurumları məsələ ilə bağlı ABŞ Beynəlxalq Ticarət Məhkəməsinə müraciət ediblər. İddia ABŞ-də Çin məhsullarına tətbiq edilən yüksək gömrük rüsumları ilə bağlıdır.
BYD məhkəməyə təqdim etdiyi sənədlərdə bildirir ki, ABŞ hökumətinin Çin istehsalı olan avtomobillərə və avtomobil komponentlərinə tətbiq etdiyi tariflər qanuni əsaslara söykənmir. Şirkət hesab edir ki, rüsumların tətbiqi zamanı prezident səlahiyyətləri aşılaraq mövcud qanunvericilik düzgün şərh olunmayıb.
İddiada qeyd olunur ki, sözügedən tariflər BYD-nin ABŞ bazarındakı fəaliyyətinə ciddi zərər vurub. Şirkət həm artıq ödənilmiş rüsumların geri qaytarılmasını, həm də gələcəkdə bu tariflərin ləğv edilməsini tələb edir.
Qeyd edək ki, BYD hazırda ABŞ-də sərnişin avtomobillərinin satışını həyata keçirməsə də, ölkədə elektrik avtobusları, yük avtomobilləri, eləcə də enerji və batareya sistemləri sahəsində fəaliyyət göstərir.
Məsələ ilə bağlı ABŞ tərəfi hələlik rəsmi açıqlama verməyib.
İsmayıl Demokrat.az


