Son günlər Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması istiqamətində atılan addımlar regionda yeni geosiyasi müzakirələrə yol açıb. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı aparılan danışıqlar da diqqət mərkəzindədir. Uzun illər qapalı qalan sərhədlərin mərhələli şəkildə açılması Cənubi Qafqazda iqtisadi və siyasi dinamikanı dəyişə bilər. Xüsusilə kommunikasiya xətlərinin bərpası regional ticarət və nəqliyyat imkanlarını genişləndirə bilər. Bu fonda cəmiyyətdə əsas suallardan biri Azərbaycan-Ermənistan sərhədinin açılıb-açılmayacağıdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu barədə Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsində iki qardaş və strateji müttəfiq ölkə kimi sinxron şəkildə hərəkət edirlər:
“Türkiyə-Ermənistan sərhədinin qismən açılması da məhz sülh ritorikasını gücləndirmək məqsədi daşıyır və bu addım sülhə doğru atılan mərhələ kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan da Ermənistanla bağlı qərarlarını sülh məntiqindən çıxış edərək qəbul edir. Azərbaycan Gürcüstan üzərindən yüklərin daşınmasına icazə verərkən, bu qərar da dolayısı ilə Ermənistanla əlaqələrin normallaşmasına xidmət edir. Hazırda Gürcüstan vasitəsilə Azərbaycan üzərindən Ermənistana yüklər daşınır, hətta müəyyən ticarət əlaqələri də mövcuddur.
Bu baxımdan atılan addımlar sülh müzakirələrinə gedən yolda müsbət və konstruktiv addımlar kimi dəyərləndirilə bilər. Çünki sülh yalnız siyasi sənəd deyil, eyni zamanda etimad prosesidir. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, sülh yalnız Ermənistan dövləti ilə deyil, Ermənistan xalqı ilə də qurulmalıdır. Bu mənada sərhədlərin qismən açılması qarşıdakı aylarda sülh sazişinin imzalanması üçün daha əlverişli mühit yarada və prosesə müsbət təsir göstərə bilər”.
Leyla Turan Demokrat.az


