Xəbər verdiyimiz kimi, Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının yeni baş naziri təyin edilib.
Demokrat.az xəbər verir ki,Cabbar Musayev həm təhsili, həm də keçdiyi kuryera yolu ilə diqqət çəkir. 1981-ci il təvəllüdlü yeni Baş nazir ali təhsilini qardaş Türkiyənin paytaxtı Ankara şəhərində alıb. Elm yolunda uğurla irəliləyən Musayev iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasını fərqlənmə diplomu ilə bitirərək maliyyə sektorundakı biliklərini təsdiqləyib.
Onun dövlət idarəçiliyindəki təcrübəsi kifayət qədər zəngindir. Əmək fəaliyyətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində başlayan C.Musayev burada sektor müdiri vəzifəsinədək yüksəlib. 2013-2016-cı illərdə Yüksək Texnologiyalar Parkında direktor müavini, sonrakı səkkiz ildə isə Dövlət Statistika Komitəsinin aparat rəhbəri kimi məsuliyyətli postlarda çalışıb.
Prezident İlham Əliyevin etimadını qazanan Cabbar Musayev 2024-cü ilin noyabrında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu. Dövlət qulluğunun müşaviri olan və "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilən yeni Baş nazir ailəlidir, iki övladı var.
Demokrat.az


