Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan istintaq çərçivəsində iki tanınmış sosial media siması saxlanılıb.
Demokrat.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən əməliyyat zamanı gecə saatlarında sosial media platformalarında tanınan Taha Özer və Simge Barankoğlu polis tərəfindən nəzarətə götürülüb.
İstintaq materiallarında bildirilir ki, saxlanılan şəxslər narkotik maddələrlə bağlı aparılan genişmiqyaslı araşdırma çərçivəsində şübhəli qismində dindirilir. Hüquq-mühafizə orqanları onların mümkün əlaqələrini və fəaliyyət dairəsini araşdırır.
Araşdırma zamanı Simge Barankoğlunun barəsində daha əvvəl dələduzluq ittihamı ilə axtarış elan edildiyi də məlum olub. Məlumata görə, o, 2021-ci ilin dekabrında sosial media üzərindən fırıldaqçılıq fəaliyyəti ilə məşğul olduğu iddia edilən cinayətkar qruplaşmaya qarşı keçirilən əməliyyat zamanı da saxlanılmış və məhkəmənin qərarı ilə barəsində həbs tədbiri seçilmişdi.
Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir. Rəsmi qurumlar əməliyyatın detalları və mümkün yeni saxlanılmalar barədə əlavə məlumatın veriləcəyini bildiriblər.
Jalə Demokrataz


