İqtisadiyyat

Həmin aylarda ətin qiyməti rekord səviyyəyə çatacaq

Həmin aylarda ətin qiyməti rekord səviyyəyə çatacaq

Ət bazarında müşahidə olunan bahalaşma təsadüfi xarakter daşımır və əsasən mövsümi faktorlarla izah olunur. Azərbaycanda bu tendensiya adətən payızın sonu, qışın əvvəllərində daha qabarıq hiss olunur.

Demokrat.az xəbər verir ki, iqtisadçı Xalid Kərimli medialoq.az-a açıqlamasında qiymət artımının səbəblərinə toxunub. O bildirib ki, hava şəraitinin dəyişməsi heyvandarlıq sahəsində xərcləri artırır:

“Ət qiymətlərinin artması əsasən mövsümi səbəblərlə bağlıdır. Azərbaycanda bu artım daha çox payızın sonu və qışın əvvəllərində müşahidə olunur. Hava soyuduqca heyvanların saxlanması çətinləşir. Yem xərcləri bu dövrdə xeyli artır”.

İqtisadçının sözlərinə görə fermerlər artan yükü kompensasiya etmək üçün qiymətləri yüksəltməyə məcbur qalırlar. Qışa yaxın dövrdə bazara çıxarılan canlı heyvanların sayının azalması da vəziyyəti daha da gərginləşdirir:

“Qışa yaxın bazara çıxarılan canlı heyvanların sayı azalır. Bu isə təklifi zəiflədir. Təklif azaldıqda qiymətlər yüksəlir. Eyni zamanda ilin sonuna doğru əhalinin ətə tələbatı artır. İnsanlar qış və bayram günləri üçün daha çox alış edir. Tələb artdığı halda bazarda məhsul az olursa, qiymət yüksəlir. Bayram süfrələri də ət istehlakını artıran əsas səbəblərdəndir”.

Xalid Kərimli əlavə edib ki, prosesə yalnız mövsüm yox, ümumi iqtisadi şərtlər də təsir göstərir. Onun fikrincə, inflyasiya, yanacaq və logistika xərclərindəki artım ət qiymətlərinə birbaşa təsir edir:

“Digər tərəfdən, ölkədə ümumi inflyasiya da bu prosesə təsir edir. Yanacağın bahalaşması daşınma xərclərini artırır. Logistika xərcləri artdıqca ətin qiyməti də yüksəlir. İdxal olunan ətin qiyməti də daxili bazara təsir göstərir. Əgər idxal baha başa gəlirsə, yerli bazarda ucuzlaşma gözləmək çətindir”.

İqtisadçı hesab edir ki, mövcud şərtlər dəyişməz qalarsa, ət qiymətlərinin ən yüksək həddə çatdığı dövr ilin son aylarına təsadüf edəcək:

“Bu səbəblərə görə, mövcud şərtlər dəyişməzsə, ət qiymətinin ilin ən yüksək səviyyəsinə oktyabr-dekabr aylarında çatması daha real görünür”.

Demokrat.az

NE
Nihadə Eyyubova