Kriminal Özəl

"Anama niyə elçi göndərmisən?" — Yasamalda xlor satan bıçaqlandı

Anama niyə elçi göndərmisən? — Yasamalda xlor satan bıçaqlandı

Bakının Yasamal rayonunda 2006-cı il təvəllüdlü Səxavət anası haqqında xoşagəlməz ifadələr işlədən qonşusu Əkbərə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, tanışı Əkbərin anası Südabə barəsində xoşagəlməz sözlər danışmasını öyrənib.Bundan sonra Səxavət qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində olan bıçaqla Əkbərə bir neçə zərbə yetirib.

Hadisəni törədən Səxavətin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Səxavət ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Əkbərin onun və anasının haqqında nalayiq ifadələr işlətdiyini eşidib, onunla söhbət etməyə gedib: “Söhbət zamanı aramızda mübahisə yarandı. Mən Əkbərin çiynindən bıçaq vurmaq istəsəm də, bıçaq zərbəsi onun boyun nahiyəsinə dəydi. Anam haqqında pis sözlər işlətdiyi üçün onu bıçaqla vurmuşam”.

Təqsirləndirilən şəxs bildirib ki, hadisə metronun “Nizami” stansiyasının yaxınlığında baş verib: “Təsadüfən qarşılaşdıq və həmin vaxt bıçaq üzərimdə olub. Həmin vaxt bıçağı itilətməyə getmişdim. Məhəllədə olan şəxslər Əkbərin anamın ünvanına nalayiq ifadələr işlətdiyini söylədi. Çiyninə bıçaqla vurmaq istəmişəm, lakin boynuna dəyib. İkinci dəfə yenə boynuna bıçaqla vurmuşam. Əkbər birinci zərbədən sonra yerə yıxıldı. Psixoloji problemlərim olduğu üçün hərbi xidmətə getməmişəm”.

Zərərçəkmiş Əkbərin sözlərinə görə, o, xlor satandır, həmçinin təqsirləndirilən şəxsin anasının müraciəti əsasında onların evində iş görüb: “Təqsirləndirilən şəxsdən şikayətim yoxdur. Amma qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza təyin edilməsini istəyirəm. Onun məni nəyə görə bıçaqla vurmasının səbəbini bilmirəm. Mənim təqsirləndirilən şəxslə və onun ailəsi ilə heç bir düşmənçiliyim, ədavətim yoxdur. Gördüyüm işin pulunu vermədiyinə görə təqsirləndirilən şəxsin anası ilə aramızda mübahisə olub. O, da mənə ədəbsiz söz deyib. Mən də həmin sözləri eynilə ona cavab qaytarmışam. Səxavəti hadisədən öncə tanımışam. Aramızda heç bir problem olmayıb. Onun anasına evlənmək üçün elçi göndərməmişəm. Müalicəmin pulunu heç kim ödəməyib. 5000 manat mənə pul verilib. Müalicəmə kömək edəcəklərini söyləyiblər. Müalicəmə nə qədər pul xərclədiyimi xatırlamıram. Amma 5000 manat müalicə xərclərimi qarşılamayıb”.

Təqsirləndirilən şəxsin anası Südabə bildirib ki, Əkbər həyat yoldaşı vəfat etdikdən sonra bacısının evinə onunla evlənmək üçün onun xəbəri olmadan elçi göndərib: “Əkbər pəncərələrimizi və qapılarımızı döyərək bizi narahat edib. Oğlumun dostlarına məni və oğlumu saxladığını deyib. Oğlum bunu eşitdikdən sonra hadisə baş verib. Oğlumun əqli geriliyi var. Əkbər bütün qonşulara mənimlə evli olduğunu deyib”.

Südabə qeyd edib ki, Əkbər məhəllədə həm xlor satıb, həm də bəzi xırda işlər olduqda pul qarşılığında həmin işləri də görüb: “Əkbəri 5-6 ildir ki, tanıyıram. Evimizdə hər hansı bir əşya xarab olanda Əkbər düzəltmək üçün bizə gəlib. Qonşular və Əkbər arasında üzləşdirmə aparsam da, Əkbər mənim haqqımda belə bir sözlər dediyini qəbul etmədi. Oğlum saçını kəsdirməyə getmişdi. Oradan geri dönəndə Əkbəri bıçaqla vurduğunu bildirdi. Oğlum saçını kəsdirmək üçün evdən çıxanda üzərində bıçaq olduğunu görməmişəm”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səxavət 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib.Səxavət məhkəmə iclas zalından həbs edilib. Onun cəzasının əvvəlini 2025-ci ilin oktyabrın 22-dən, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməklə cəzasının şərti olaraq tətbiq edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova