İqtisadiyyat Özəl

Banklar niyə riskdən qaçır? — Biznesə kredit verməyin görünməyən tərəfi

Banklar niyə riskdən qaçır? — Biznesə kredit verməyin görünməyən tərəfi

Məlumdur ki, banklar gəlirlərini yalnız kreditlər hesabına formalaşdırmır, eyni zamanda dövlət istiqrazları və Mərkəzi Bankın notlarına yatırım etməklə də qazanc əldə edirlər. Bu baxımdan, əlavə risk daşıyan biznes kreditlərindənsə, bankların daha stabil və aşağı riskli maliyyə alətlərinə üstünlük verməsi diqqət çəkir.Maraqlıdır, bankları bu seçimə vadar edən əsas səbəblər nədir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a bildirib ki, bankların əslində əsas istəyi biznes kreditləri portfelini genişləndirməkdir:

“Bəli, bankların ən böyük arzularından biri biznesə daha çox kredit vermək və biznes kreditləri portfelini böyütməkdir. Ancaq bu kreditləri götürüb geri qaytara biləcək layiqli biznes subyektlərinin sayı çox azdır”.

Ekspertin sözlərinə görə, problemin kökündə ölkədə biznes mühitinin, xüsusilə də qeyri-neft sektorunun zəif inkişafı dayanır:

“Qeyri-neft sektorunun zəif inkişafı bankların bu sahədə fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bank xeyriyyə qurumu deyil və vençur kapitalisti də deyil ki, biznesin bütün riskini öz üzərinə götürsün. Biznesin riskli mərhələsini maliyyələşdirmək vençur kapitalistlərin, ‘angel’ investorların və risk fondlarının funksiyasıdır”.

Xalid Kərimli vurğulayıb ki, banklar etibarlı maliyyə institutlarıdır və onların əsas öhdəliyi cəlb etdikləri vəsaitin təhlükəsizliyini qorumaqdır:

“Bank vətəndaşlardan topladığı vəsaiti digər vətəndaşlara və ya şirkətlərə kredit kimi verir və bu vəsaitin təhlükəsizliyinə görə Mərkəzi Bank qarşısında məsuliyyət daşıyır. Ona görə də banklar daha az riskli və stabil gəlir gətirən dövlət istiqrazları və Mərkəzi Bankın notlarına üstünlük verirlər”.

İqtisadçının fikrincə, bu məsələdə bütün məsuliyyəti bankların üzərinə yükləmək düzgün deyil:

“Burada əsas problem banklarda yox, qeyri-neft sektorunun zəif inkişafında və bu sahədə effektiv mexanizmlər yarada bilməyən iqtisadi siyasətdədir. Banklar biznes kreditləri vermək istəsələr də, bu kreditləri götürüb faizləri ilə geri qaytara bilən, maliyyə dayanıqlığı olan, şəffaf işləyən və fəaliyyəti rəsmi şəkildə aparan biznes subyektlərinin sayı çox azdır”.

Ekspert hesab edir ki, məhz bu səbəbdən bankların biznes kreditləri üzrə imkanları məhdud qalır və onlar daha təhlükəsiz maliyyə alətlərinə yönəlməyə məcbur olurlar.

Qeyd edək ki, banklar biznes kreditlərinə üstünlük vermək istəyirsə də, bu, əsasən qeyri-neft sektorunun zəif inkişafı və təhlükəsizliyin təmin olunması səbəbindən məhdudlaşır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova