Gəncədə “Kəpəz”in futbolçusu Veysəl Rzayevi bıçaqlayan şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan Demokrat.az-a məlumat verilib.
Bildirilib ki, ötən gün saat 05 radələrində 2002-ci il təvəllüdlü Veysəl Mehman oğlu Rzayevi Gəncə şəhəri, M. Bağırov küçəsində kəsici alətlə bir dəfə zərbə vuraraq ona döş qəfəsinin arxa divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirmiş şəxsin kimliyi müəyyənləşib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi İnzibati Təcrübə İdarəetməsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqı aparılır.
-----------
3 fevral 08:45
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib.
Faktla bağlı araşdırma aparılır.
Demokrat.az


