Cəmiyyət Özəl

Azərbaycanda uşağa daha belə adlar qoyulacaq — Deputat açıqladı

Azərbaycanda uşağa daha belə adlar qoyulacaq — Deputat açıqladı

Azərbaycanda uşaqların milli mənsubiyyəti, adı və ailə bağlarının dövlət səviyyəsində qorunması mexanizmi daha da təkmilləşdirilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan "Uşaq hüquqları haqqında" qanun layihəsinə edilən yeni dəyişikliklər uşağın fərdiliyinin toxunulmazlığını təmin etməyi hədəfləyir. Yeni hüquqi tənzimləməyə əsasən, uşağa adın verilməsi prosesi birbaşa Ailə Məcəlləsinin tələblərinə uyğunlaşdırılır. Mövcud qaydalara görə uşağa ad valideynlərin ortaq qərarı ilə qoyulur, lakin valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu məsuliyyət qəyyumluq orqanlarının üzərinə düşür. Bu prosesdə şəffaflığı və operativliyi təmin etmək üçün qəyyumluq orqanlarının verdiyi qərarlar cəmi 1 iş günü müddətində rəqəmsal bazaya işlənilməlidir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, bu qayda dünyanın bir çox ölkəsində mövcuddur:

“Uşağa ad qoyularkən dövlət tərəfindən təsdiqlənmiş adlar siyahısı əsas götürülür. Siyahıdan kənar hallarda isə vətəndaş məhkəməyə müraciət edərək öz seçdiyi variantın təsdiqlənməsini istəyə bilər. Bu tədqiqatın məqsədi uşağın gələcəkdə adı ilə bağlı hər hansı problemlə üzləşməsinin qarşısını almaqdır. Bəzən valideynlər uşağa elə adlar verirlər ki, həmin adla çağırılmaq gələcəkdə onun üçün daimi psixoloji problemlər yarada bilər. Bu yenilik dünya təcrübəsindən irəli gəlir və hesab edirəm ki, görülən işin xeyri olacaq”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova