Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında yaşanan qalmaqal səngimək bilmir. Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar irəli sürüb, eyni zamanda Səidə Bəkirqızının atasına qarşı təhqiramiz ifadələr işlədib. Zaman-zaman bəzi iş adamları və müğənnilər jurnalistlərə qarşı alçaldıcı, təhqiramiz ifadələr işlədirlər.
Mövzu ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Demokrat.az-a açıqlamasında bildirib ki, bir sıra jurnalistlər çox zaman tənqid hədəfinə çevrilirlər:
“Hansısa kəskin və ya müəyyən şəxslərin xoşuna gəlməyən material dərc edilən kimi, həmin xəbəri təkzib etmək və ya açıq müzakirəyə çıxarmaq əvəzinə, çox vaxt jurnalistlər təhdid olunur, onlara qarşı qeyri-etik ifadələr səsləndirilir. Bu hallar xüsusilə sosial şəbəkələrdə geniş yayılıb. Təəssüf ki, bəzi televiziya kanallarında da müğənnilərin jurnalistlər və media subyektləri haqqında qeyri-etik ifadələr işlətdiyinin şahidi oluruq. Bununla onlar özlərini tənqid obyektinə çevrilməkdən yayındırmağa çalışırlar. Digər bir narahatedici məqam isə ondan ibarətdir ki, son dövrlər Azərbaycanda təhlükəli bir presedent formalaşıb. Tanınmış şəxslər, müğənnilər, biznes nümayəndələri, hətta həkimlər barələrində tənqidi paylaşım edilən kimi “Meta” platformasına şikayət edirlər. Nəticədə media subyektlərinin səhifələri silinir və ya spam hücumlarına məruz qalır”.
O əlavə edib ki, bu isə jurnalistlərə qarşı açıq təzyiq formasıdır və söz azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir:
“Sosial şəbəkələr bu məsələdə mütləq tədbir görməlidir. Əgər hər hansı xəbər səhifəsi və ya media subyekti xəbər istehsalı ilə məşğuldursa, onlara qarşı ikili standartların tətbiqi yolverilməzdir. Lakin təəssüf ki, bəzi müğənnilər tərəfindən bu cür halların mütəmadi şahidi oluruq. Son günlər baş verən qalmaqalla bağlı qeyd etmək istərdim ki, aparıcı Səidə Bəkirqızı müğənni Rəqsanə İsmayılova ilə bağlı heç bir qeyri-etik və ya təhqiramiz fikir səsləndirməyib. O, sadəcə baş vermiş hadisə ilə bağlı şəxsi mövqeyini ifadə edib və analitik xarakterli paylaşım edib. Həmin çıxışda təhqir elementi yox idi. Bunun əvəzində isə jurnalistə qarşı onun şəxsi həyatı, dünyasını dəyişmiş atası ilə bağlı təhqiramiz ifadələrin işlədilməsi nə jurnalist etikası baxımından, nə də hüquqi baxımdan qəbulediləndir. Əgər müğənni iddia edirdisə ki, ona qarşı təhqir və ya qeyri-etik ifadələr səsləndirilib, bu halda o da öz növbəsində məhkəməyə müraciət edə bilərdi. Lakin müğənninin sosial şəbəkə üzərindən xoşagəlməz və qeyri-etik formada cavab verməsi qarşı tərəfi bu addımı atmağa məcbur etdi. Bu halda jurnalistin cavab addımı öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməyi düşünməsi, tamamilə haqlıdır. Biz, əlbəttə ki, deyilən sözə görə heç kəsin məhkəməyə verilməsinin tərəfdarı deyilik. Azərbaycanda söz və fikir azadlığı mövcuddur. Lakin bəzi şəxslər tənqid ilə təhqiri ayırd edə bilmir və internet məkanındakı söz azadlığından şəxsi maraqları üçün sui-istifadə edirlər. Bu səbəbdən insanlar haqlı olaraq öz hüquqlarını məhkəmədə axtarmağa məcbur qalırlar. Hər bir halda tənqidlə təhqir arasında sərhəd qorunmalıdır. Azərbaycan mediasının təhqir olunması presedentə çevrilməməlidir və adiləşməməlidir. Media cameəsi bu məsələlərdə həmrəy olmalı və öz həmkarlarını müdafiə etməlidir”.
Leyla Turan Demokrat.az


