Gündəm Özəl

Ev əlinizdən çıxa bilər — İpoteka ilə mənzil alanlara xəbərdarlıq: AÇIQLAMA

Ev əlinizdən çıxa bilər — İpoteka ilə mənzil alanlara xəbərdarlıq: AÇIQLAMA

İpoteka krediti ilə alınan mənzillərin sonradan geri alınma riski, yəni alıcının ödənişləri gecikdirməsi, maliyyə vəziyyətində yaranan çətinliklər və ya digər səbəblər üzündən bankın mənzili geri götürmə ehtimalı vətəndaşlar arasında ciddi narahatlıq yaradır. Bu risk yalnız maddi öhdəliklərlə bağlı deyil, həm də gələcək kredit imkanlarına, ailə büdcəsinə və maliyyə planlaşdırmasına təsir edir.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, ipoteka götürən şəxslər borclarını vaxtında ödəməlidirlər:

“Borc ödənmədikdə, təminat birbaşa aktivləşdirilir. Əgər həm borcu ödəmirsiniz, həm də təminatın reallaşdırılmasına imkan vermək istəmirsinizsə, bu mümkün deyil. Əsas prioritet borcun vaxtında və şərtlərə uyğun ödənilməsidir”.

Ekspert əlavə edib ki, ödəniş gecikdiyi halda faiz və cərimələr tətbiq olunur və müştərinin kredit tarixçəsi pozulur. Bu da gələcəkdə kredit götürmə imkanlarını çətinləşdirir. Bankın məhsuldarlığı isə müştəriyə imkanlarına uyğun restrukturizasiya təklif etməsini əhatə edir, lakin bu, bankın seçim və qərarına bağlıdır.

“Bank müqavilə şərtlərinə uyğun olaraq dərhal ipoteka predmetinə və ya təminata öhdəliyi yönəldə bilər. Bank istəsə restrukturizasiya təklif edir, istəməsə etməz. Burada bankı həm hüquqi, həm də etik baxımdan ittiham etmək düzgün deyil”, — deyə X. Kərimli qeyd edib.

Sığorta məsələsinə də toxunan ekspert bildirib:

“İpoteka kreditlərində əsasən əmlak və həyat sığortası tətbiq olunur. Əmlak sığortası yalnız əmlak sıradan çıxdıqda, yəni ipoteka predmetinin yoxa çıxması halında işə düşür və borcu əhatə edir. Həyat sığortası isə şəxsin ölümündə və ya ciddi əmək qabiliyyətinin itirilməsində aktivləşir və borcun ödənməsini təmin edir”.

X. Kərimli vurğulayıb ki, ipoteka kreditində sığorta vacib elementdir və bankın gözləməsini, müştərinin maliyyə vəziyyətinin düzəlməsini tələb etmək düzgün deyil:

“Bank öz vəsaitlərini digər vətəndaşlara faizlə verir və onun da öz öhdəlikləri var. Qərarlar yalnız bankın imkanları və iradəsi çərçivəsində verilir”.

Qeyd edək ki, ipoteka kreditlərində əmlak və həyat sığortasının tətbiqi həm alıcının, həm də bankın risklərini minimuma endirir və ödəniş gecikmələrinin yaratdığı problemlərin qarşısını alır.

Yəni, ipoteka ilə aldığınız evin qapısını açanda unutmayın, o ev tam sizin deyil. Sonuncu qəpiyi ödəyənə qədər bank sizin hər addımınızı izləyir. Əgər bir gün ödəniş qabiliyyətiniz itsə, bank heç bir "insaf" göstərmədən sizi illərlə yaşadığınız "yuva"dan çıxarıb, evinizi başqasına sata bilər. Bu, soyuq iqtisadi qanundur və burada emosiyalara yer yoxdur.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova