Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Yerli medianın məlumatına görə həmin şəxs artıq işdən çıxarılıb.
Bəs bu addım nə qədər qanuna uyğundur?
Məsələ ilə bağlı hüquqşünas Aysel Süleymanova Demokrat.az-a açıqlama verib. O deyib ki, işçinin yalnız ictimai qınağa məruz qalması səbəbilə işdən azad edilməsi birmənalı şəkildə qanuni hesab edilə bilməz:
“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçi yalnız qanunvericilikdə dəqiq göstərilmiş əsaslar olduqda və müvafiq prosedurlar gözlənildiyi halda vəzifədən azad edilə bilər. Əgər sözügedən əməkdaşın hərəkəti onun vəzifə öhdəliklərinin kobud şəkildə pozulması, xidməti intizam qaydalarına zidd davranış və ya işəgötürənin daxili qaydalarında açıq şəkildə qadağan olunmuş hərəkət kimi qiymətləndirilirsə, bu halda intizam məsuliyyəti tətbiq edilə bilər. Lakin bu zaman da mərhələlilik prinsipi qorunmalıdır. Yəni birbaşa işdən azad etmə deyil, əvvəlcə xəbərdarlıq, töhmət və ya şiddətli töhmət kimi intizam tədbirləri nəzərdən keçirilməlidir. İşçinin sadəcə rəhbər şəxsə çətir tutması faktı özü-özlüyündə hüquqi baxımdan əmək müqaviləsinə xitam verilməsi üçün yetərli əsas sayılmır. Üstəlik, bu hərəkət ictimai və ya hüquqi təhlükə yaratmayıbsa, dövlət və ya müəssisənin nüfuzuna real zərər vurduğuna dair sübut yoxdursa, işdən azad etmə qərarı məhkəmə qaydasında mübahisələndirilə bilər. İşdən azad etmə yalnız hüquqi faktlara, konkret qanun pozuntusuna və qanuni prosedura söykənməlidir”.
Yəni, iş yerində baş verən hər hansı bir hadisə sosial şəbəkələrdə nə qədər müzakirə olunsa da, işəgötürənin sizi qanunsuz şəkildə işdən çıxarmaq hüququ yoxdur. Qanunvericilik işçini rəhbərliyin subyektiv qərarlarından və ani ictimai təzyiqlərdən qoruyur. Əgər bir işçi qanunda nəzərdə tutulmayan səbəblərlə işini itirirsə, öz hüquqlarını məhkəmə müstəvisində bərpa etmək imkanına malikdir.
Qeyd edək ki, sözügedən şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.
Leyla Turan Demokrat.az


