Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakıda keçirilən bayram şənliklərində rekord miqdarda insan iştirak edib. Yeni il gecəsi yüz minlərlə, bəzi hesablamalara görə isə, milyona yaxın insan Bakı şəhərinin mərkəzinə toplaşıb.
Demokrat.azxəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a məlumat verilib.
Əvvəlki illərdən fərqli olaraq, builki şənliklərdə paytaxtımızda daha çox qonaq qeydə alınıb. İnsanlar Bakıda Yeni ili qeyd etmək üçün Azərbaycanın müxtəlif rayonlarından, eləcə də bir çox xarici ölkələrdən gəliblər.
Bu ilin daha bir xüsusiyyəti paytaxtın küçə və parklarının bəzədilməsinə göstərilən xüsusi diqqət olub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri bayrama bir neçə həftə qalmış hazırlıq işlərinə başlayıblar.
Paytaxtın bütün park və meydanlarının, Dənizkənarı Milli Bulvarın, əsas magistral yol və prospektlərin, yol kənarlarının bayramsayağı bəzədilməsi və işıqlandırılması şəhərimizə xüsusi xüsusi gözəllik verib. Parklarda yolkalar qurulub.
Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.


