Bu gün 20 Yanvar faciəsindən 36 il keçir. Bu tarix Azərbaycan tarixində təkcə faciə günü deyil, eyni zamanda xalqımızın azadlıq və müstəqillik uğrunda nümayiş etdirdiyi iradənin, milli ruhun və qəhrəmanlığın simvoludur.
Bu hadisənin Azərbaycan xalqının milli yaddaşındakı rolu nədir?
Mövzunu Demokrat.az-a şərh edən siyasi ekspert Aydın Quliyev bildirib ki, 20 Yanvar adətən milli faciə günü kimi qeyd olunsa da, əslində bu tarix xalqımızın milli qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biridir.
Onun sözlərinə görə, bu gün Azərbaycan xalqının müstəqillik uğrunda iradəsinin nə qədər möhkəm olduğunu açıq şəkildə nümayiş etdirib. Çünki bir çoxları Sovet hakimiyyətinin 70–75 illik təzyiq və hökmranlığının Azərbaycan xalqının müstəqillik ideyalarını məhv etdiyini düşünürdü. Lakin 20 Yanvar hadisələri bunun tam əksini sübut etdi.
"Bu hadisələr bir tərəfdən Azərbaycan xalqının müstəqillik ideyalarına nə qədər bağlı olduğunu göstərdi, digər tərəfdən isə ölkənin sonrakı illərdə üzləşdiyi çətinlikləri və mübarizələri çiyinlərində daşımağa qadir, mübariz ruhlu bir nəslin formalaşmasında mühüm rol oynadı. 20 Yanvar təkcə faciə tarixi deyil, həm də qəhrəmanlıq tarixidir. Bu tarix gənclərin milli-mənəvi şüurunun və vətənpərvərlik hisslərinin formalaşması üçün əvəzsiz bir nümunədir" - deyə, o, bildirib.
Ekspert bildirib ki, 20 Yanvar hadisələrinin təsiri altında formalaşmış nəsil ölkənin ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində canını fəda etməyə hazır oldu və torpaqlarımızı müdafiə etdi:
"Şəhid olmalarına, itkilər vermələrinə, yaralanmalarına baxmayaraq, bir an belə Azərbaycanın milli maraqlarından geri çəkilmədilər. 20 Yanvar ruhu ilə formalaşmış bu mübariz gənc nəslin əzmini və iradəsini biz 44 günlük Vətən müharibəsində də aydın şəkildə gördük. Məhz həmin nəsil bu müharibənin taleyini həll edən, ölkəmizə tarixi qələbə qazandıran qəhrəmanlar kimi tarixə düşdü".
Aydın Quliyev qeyd edib ki, 20 Yanvardan sonra formalaşan mübariz Azərbaycan gəncliyi Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazan bir nəsilə çevrildi. 20 Yanvar Azərbaycan tarixinin əvəzolunmaz, unudulmaz və hər mənada örnək olan bir səhifəsidir.
Əfsanə Kamal Demokrat.az


