Heç vaxt etmədiyiniz hərəkətlərin və demədiyiniz sözlərin süni intellekt tərəfindən saxtalaşdırılaraq dünyaya yayılması artıq uzaq gələcəyin ssenarisi deyil, bugünün acı reallığıdır. Dünyanın bir çox ölkələri artıq bu təhlükəyə qarşı sərt tədbirlər görməyə başlayıb. Məsələn, ABŞ-ın bir neçə ştatında (xüsusilə Kaliforniya və Texasda) seçkilərə təsir edən və ya qeyri-etik məzmunlu "deepfake" videoların yayılması qadağan edilib və cinayət məsuliyyəti müəyyən olunub. Çin hökuməti isə daha sərt qaydalar tətbiq edərək, süni intellektlə yaradılan hər bir məzmunun üzərində mütləq şəkildə "saxtadır" işarəsinin qoyulmasını tələb edir və bu qaydanı pozanları ağır cəzalar gözləyir. Avropa İttifaqı da "Süni İntellekt Aktı" çərçivəsində bu növ manipulyasiyaların qarşısını almaq üçün genişmiqyaslı hüquqi baza hazırlayıb.
Bəs Azərbaycanda bu proses necə tənzimlənir?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Sahib Məmmədov sürətlə inkişaf edən "deepfake" texnologiyalarının insanların şəxsi toxunulmazlığına yaratdığı ciddi hüquqi və mənəvi təhdidlərdən bəhs edib.
Süni intellektin imkanlarından sui-istifadə edərək hazırlanan saxta görüntülər fərdlərin həm sosial nüfuzuna, həm də psixoloji durumuna ağır zərbə vurur. Vəkil Sahib Məmmədov mövzu ilə bağlı xəbərdarlıq edərək bildirib ki, bu cür deepfake-lər getdikcə ciddi problemə çevrilir:
"Bu cür hallar insanların şəxsi və ailə həyatına müdaxilə, böhtan, şantaj və nüfuzdan salma kimi ağır nəticələrə səbəb ola bilər. Deepfake-in hansı məqsədlə hazırlanmasından asılı olaraq, Azərbaycan Respublikasının qanunvericiliyində artıq müəyyən hüquqi məsuliyyət mexanizmləri mövcuddur" - deyə o qeyd edib.
Sahib Məmmədovun fikrincə, "deepfake" anlayışının ayrıca termin kimi qanunvericiliyə daxil edilməsi də məqsədəuyğun olardı. O bildirib ki, bu, həm anlayışın hüquqi çərçivəsini dəqiqləşdirər, həm də belə materialları hazırlayan şəxslərin məqsədindən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinin daha aydın şəkildə müəyyənləşdirilməsinə imkan verər.
Bu qərarın əhəmiyyəti ondan ibarətdir ki, sabah hər hansı bir şəxs sizin üzünüzü və ya səsinizi qanunsuz yollarla istifadə edərsə, məhkəmə qarşısında sübut toplamaq və günahkarın cəzalandırılmasını təmin etmək daha asan olacaq. Bu, hər bir internet istifadəçisinin rəqəmsal dünyada özünü daha müdafiəli hiss etməsinə şərait yaradır.
Qeyd edək ki, deepfake texnologiyasından icazəsiz və zərərli məqsədlərlə istifadə şəxsi həyatın toxunulmazlığının pozulmasına, böhtan və şantaj hallararına səbəb ola bilər və mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaradır.
Əfsanə Kamal Demokrat.az


