"Azərbaycanın Avstriya və Almaniyaya qaz tədarükünə başlaması ölkə üçün mühüm iqtisadi hadisədir. Bu addım Azərbaycanın enerji istehsalçıları və alıcıları coğrafiyasının genişləndiyini göstərir"
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
"Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanla Avropa Birliyi arasında enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq mövcuddur və bu istiqamətdə rəsmi sənədlər imzalanıb".
O bildirib ki, bu reallıq Avropada Azərbaycanın etibarlı təbii qaz tədarükçüsü kimi qəbul edildiyini göstərir və Avropa ölkələri ilə münasibətlərin daha da dərinləşməsi üçün əlverişli zəmin yaradır:
"Vaxtilə Rusiyanın əsas enerji alıcıları sırasında olan Almaniya və Avstriyanın da bu sıraya qoşulması Azərbaycanın Avropa məkanındakı mövqelərinin möhkəmlənməsində əhəmiyyətli rol oynaya bilər".
Əfsanə Kamal Demokrat.az


