“Məşğulluğu olmayan şəxslərin məcburi sığorta haqlarını ödəməsi cəmiyyətdə ciddi sosial gərginlik yarada bilər. İşsiz və gəlirsiz vətəndaşlar üçün bu ödəniş əlavə maliyyə yüküdür. Onlar gündəlik həyat xərclərini qarşılamaqda belə çətinlik çəkir”.
Bunu sosioloq Yusif Nəbi Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, bu vəziyyət sosial ədalət prinsipləri ilə ziddiyyət təşkil edir:
“Məcburi ödənişlər yoxsul təbəqələri daha çox hədəfə alır və sosial bərabərsizliyi dərinləşdirə bilər. Belə öhdəliklər işsiz şəxslərdə stress və sosial izolyasiya hissini gücləndirir. Bu, cəmiyyət daxilində təbəqələrarası gərginliyi artırır. Dövlətin bu şəxslərə dəstək mexanizmləri təqdim etməsi vacibdir. Məsələn, müvəqqəti sığorta haqlarının ödənilməsi və ya gəlirə uyğun endirimlər tətbiq oluna bilər. Sosial müdafiə mexanizmlərinin olmaması, həm yoxsul təbəqələrin vəziyyətini pisləşdirir, həm də sığorta sisteminə inamı zəiflədir. Uzunmüddətli perspektivdə çevik və inklüziv siyasət, həm cəmiyyətin stabilliyi, həm də sosial ədalətin qorunması üçün əhəmiyyətlidir. Belə yanaşma, yalnız ödəniş məcburiyyəti deyil, həm də sosial dəstək mexanizmlərini birləşdirməyi tələb edir. İşsiz şəxslərin vəziyyəti yüngülləşir və sosial gərginlik azalır”.
Leyla Turan Demokrat.az


