Sosial Özəl

DİQQƏT! Bakının bu ərazilərində tikilən evlər çökə bilər...

DİQQƏT! Bakının bu ərazilərində tikilən evlər çökə bilər...

"Müstəqillik dövründə Bakıda mövcud olmuş bir çox göl quruyub və ya məqsədli şəkildə qurudulub. Məsələn, Yasamaldakı məşhur Qanlı göldən hazırda yalnız kiçik bir hissə qalıb. Hövsan ərazisindəki göllər, eləcə də Duzlu gölün böyük hissəsi qurudulub. Halbuki bunlar təbii yolla yaranmış göllər idi".

Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

O bildirib ki, göllər yağış sularının və qrunt sularının toplanması üçün təbii hövzə rolunu oynayırdı:

"Göllərin qurudulması və onların yerində yaşayış binalarının tikilməsi gələcəkdə ciddi fəsadlara səbəb ola bilər. Çünki nə qədər möhkəmləndirmə işləri aparılsa da, vaxtilə göl olan ərazilərdə torpaq qatları çökməyə meyilli olur və bu, müəyyən dövrdən sonra binaların çökmə riskini artırır".

Mütəxəssiz deyib ki, göllərin qurudulması, mühafizə zonalarının zəbt edilməsi və həmin ərazilərdə evlərin tikilməsi olduqca problemli məsələdir:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli qərarında göllərin, çayların və magistral su kəmərlərinin mühafizə zonaları aydın şəkildə müəyyən olunub. Xəzər dənizi sahili də xüsusi mühafizə olunan ərazilərdəndir".

Onun sözlərinə görə, vaxtilə nəzarət zəif olduğundan bu ərazilərin bir qismi zəbt edilib, evlər tikilib və hazırda insanlar orada məskunlaşıb:

"Məsələn, Hacıqabul gölünə axan yağış sularının yolları üzərində çoxsaylı evlər tikilib. Nəticədə göl bərpa olunsa belə, yağış sularının ora axını mümkün olmayıb. Bu amil son illərdə şəhərlərdə müşahidə olunan sel və subasma hallarının əsas səbəblərindən biridir.

Normal halda yağış suları çökək ərazilərə, göllərə axaraq müəyyən balans yaradırdı. Göllər bu suları qəbul etməklə fəsadların qarşısını alırdı. Son müşavirədə, Prezidentin iştirakı ilə 10 illik dövlət proqramı qəbul edilib. Proqram su ehtiyatlarının və göllərin mühafizəsini, kanalizasiya sistemlərinin yenilənməsini, infrastrukturun qurulmasını və su problemlərinin həllini nəzərdə tutur.

Göllərin qurudulmasının əsas riski ondan ibarətdir ki, yağış və qrunt suları üçün toplanma məkanı qalmır. Su özünə çıxış yolu taparaq insanların həyətlərinə, evlərinə, yollara və təsərrüfatlarına zərər vurur. Güclü yağışlar zamanı yolların bağlanması, körpülərdə hərəkətin dayanması bunun bariz nümunəsidir.

İqlimdə baş verən kəskin dəyişikliklər, temperaturun artması intensiv və qısamüddətli yağışların sayını artırıb. İllik norması 150–200 millimetr olan yağıntıların qısa vaxtda düşməsi isə gələcəkdə bu cür fəsadların daha tez-tez baş verəcəyini göstərir".

Əfsanə Kamal Demokrat.az

D
demokrat.az