Bakının Nizami rayonunda sevgililər arasında mübahisə dava ilə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 3-də rayonunun Q.Qarayev prospekti, 65 ünvanında yerləşən parkda baş verib.
İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Rasim həmin gün saat 23 radələrində ictimai yer olan parkda əvvəllər sevgi münasibətində olduğu, 10 ay əvvəl ayrıldığı Nüşabə (adlar şərtdir – red.) ilə barışmaq istəyib.
Amma o, Nüşabənin ona nalayiq ifadə işlətməsini bəhanə edib və fiziki zor tətbiq edərək qəsdən bir neçə dəfə əl və ayağı ilə bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Rasimin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Rasim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, Nüşabə ilə təxminən 3-4 il qeyri-rəsmi münasibətləri olub, bir neçə ay əvvəl ayrılıblar:
“Ayrıldıqdan sonra da ara-sıra münasibətlərimiz olub. Sentyabrın 3-də Nüşabə məni telefonla danışıq zamanı təhqir etdi, ailəm barəsində nalayiq ifadələr işlətdi. Bunun üçün saat 23 radələrində Nüşabənin iş yerinin qarşısına getdim.
O, “Neftçilər” metrostansiyası yaxınlığında mağazadan işdən çıxdıqdan sonra parka getdi. Mən də onun arxasınca getdim. Orada Nüşabə ilə söhbət etmək istədim. Amma o, yenidən nalayiq ifadələr işlətdiyi üçün aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək əlim ilə Nüşabənin sifət, qol və ayaq nahiyəsinə vuraraq sakit dayanmasını tələb etdim. Bu zaman Nüşabənin yanında olan Ləman adlı rəfiqəsi araya girərək bizi ayırdı. Bundan sonra mən həmin yerdən getdim”. İş üzrə zərərçəkmiş Nüşabənin sözlərinə görə, Rasim ilə təxminən 3-4 il qeyri-rəsmi münasibəti olub, bir neçə ay əvvəl ayrılıblar:
“Lakin ayrıldıqdan sonra Ramin məndən əl çəkmədi. Həmişə məni narahat edib, hədə-qorxu gəlib. Sentyabrın 3-də, saat 23 radələrində rəfiqəm ilə görüşmək üçün parka getdim. Orada olarkən Ramin mənim yanıma yaxınlaşdı. Bizim barışmaq istədiyini bildirdi.
Mən Rasimlə razılaşmadım, mübahisə etməyə başladıq. Rasim mənə nalayiq ifadələr işlətdi. Sonra mən də Rasimə eyni sözləri dedim. Bu zaman Rasim əsəbləşərək əl və ayağı ilə mənim sifət, qol və ayaq nahiyəmə bir neçə dəfə vurdu. Hadisə nəticəsində baş, qol və ayaq nahiyəmdən xəsarət almışam”.
Bu cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rasim 1500 manat miqdarında cərimə olunub.
Fariz Məlikli Demokrat.az


