Gündəm Özəl

Vətəndaşlara XƏBƏRDARLIQ: Bu halda şəxsi məlumatlarınız və pulunuz oğurlana bilər

Vətəndaşlara XƏBƏRDARLIQ: Bu halda şəxsi məlumatlarınız və pulunuz oğurlana bilər

"SMS kodlar, xüsusilə iki faktorlu doğrulama aktiv olduqda istifadəçi hesablarının qorunmasında əsas rol oynayır. Bu kodlar "WhatsApp" üzərindən və ya mobil operatorlar vasitəsilə göndərilə bilər. Mənbəyindən asılı olmayaraq, SMS kodlar sosial şəbəkə hesablarına, bank tətbiqlərinə və müxtəlif onlayn ticarət platformalarına giriş üçün istifadə olunur".

Bunu Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Miralıyev deyib.

O, bildirib ki, əgər bu kodlar kənar şəxslərin əlinə keçərsə, vətəndaşın həm şəxsi məlumatları, həm də maliyyə vəsaiti ciddi risk altına düşür:

"Məsələn, bank tətbiqlərində hər hansı əməliyyat zamanı göndərilən təsdiq kodu dələduzun əlinə keçərsə, o şəxs hesaba daxil olub pul köçürmələri edə və vəsaiti mənimsəyə bilər. Eyni təhlükə sosial şəbəkə hesabları üçün də keçərlidir, hesab ələ keçirildikdən sonra adından fırıldaqçılıq, aldatma və başqa qanunsuz fəaliyyətlər həyata keçirilə bilər".

Ekspert bildirib ki, xüsusilə sosial mühəndislik üsulları ilə, yəni aldatma, saxta zənglər, mesajlar və ya linklər vasitəsilə istifadəçilərdən bu kodlar soruşulur və insanlar fərqinə varmadan onları dələduzlara ötürürlər:

"Bundan başqa, onlayn alış-veriş saytlarında kart məlumatları çox vaxt hesabda saxlanılır. Həmin hesablar ələ keçirilərsə və doğrulama kodları da əldə olunarsa, dələduzlar bu kartlardan rahatlıqla ödənişlər həyata keçirə bilirlər. SMS kodların paylaşılması və ya etibarsız mənbələrə ötürülməsi vətəndaşları kiber dələduzluq və maliyyə itkiləri ilə üz-üzə qoyur. Buna görə də hər bir istifadəçi bilməlidir ki, SMS və təsdiq kodları yalnız şəxsi istifadə üçündür və heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır".

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi SMS təsdiq kodlarının paylaşılmaması barədə xəbərdarlq edib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova