"Hazırda beynəlxalq təşkilatların funksionallığının itirilməsi prosesi müşahidə olunsa da, bu platformalar vasitəsilə müxtəlif dividendlər əldə etmək mümkündür. Xüsusilə Azərbaycan kimi ölkələr bu cür platformalarda təmsil olunmaqla digər dövlətlərlə əlaqələrini inkişaf etdirə bilirlər".
Bunu Demokrat.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O, bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı fəaliyyəti və sədrliyi dövründə beynəlxalq mövqeləri daha da möhkəmlənib:
"Qarabağ müharibəsi və sonrakı dövrlərdə bir sıra ölkələrin Azərbaycana birmənalı dəstək verməsi də məhz bu əlaqələrin nəticəsi kimi mümkün oldu. Azərbaycan beynəlxalq platformaların imkanlarından düzgün yararlanaraq mövqelərini gücləndirməkdə və mənəvi təsir imkanlarını genişləndirməkdə uğurlu fəaliyyət göstərib. Maraqların toqquşduğu və bəzi çətinliklərin yarandığı hallara baxmayaraq, ölkə bu prosesləri uğurla idarə edə bilib. Nəticədə Azərbaycan, sülh danışıqları prosesində təşəbbüskar tərəfə çevrilmək imkanını əldə edib".
Əfsanə Kamal Demokrat.az


