"İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən, işçiyə müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əmək haqqı verilməsi qanun pozuntusu hesab olunur. Bu halda işəgötürən və ya məsul vəzifəli şəxs 1000 manatdan 1500 manatadək cərimə edilir. Bu norma işçilərin sosial hüquqlarının qorunması və onların minimum gəlir təminatının təmin olunması məqsədi daşıyır".
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O, bildirib ki, belə pozuntuların aşkar olunmasının iki əsas yolu var:
"Birinci halda işçi özü aidiyyəti qurumlara müraciət edərək maaşının qanunvericiliyə uyğun ödənilmədiyini bildirə bilər. Bu zaman məsələ rəsmi şəkildə araşdırılır və fakt təsdiqini taparsa, işəgötürən barəsində müvafiq tədbirlər görülür".
Vəkil bildirib ki, ikinci halda isə pozuntu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən aparılan planlı və ya plandankənar yoxlamalar zamanı üzə çıxır:
"Nazirliyin müfəttişləri müəssisələrdə əmək müqavilələrini, ödəniş sənədlərini və uçot sistemlərini yoxlayaraq işçilərə ödənilən maaşların qanuna uyğun olub-olmadığını müəyyən edirlər".
Əfsanə Kamal Demokrat.az


