Kriminal Özəl

Dəfələrlə məhkum olunan şəxs dostunu evində döydü

Dəfələrlə məhkum olunan şəxs dostunu evində döydü

Bakının Nəsimi rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhər sakini, 1977-ci il təvəllüdlü Xəqani tanışı Afiq ilə şəxsi münasibətlərin pozulması zəminində mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı o, Afiqin başından yumruq zərbəsi ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Xəqani ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Afiq ilə çoxdan tanışdır, münasibətləri həmişə normal olub, aralarında əvvəllər heç bir mübahisələri olmayıb: “Məlum hadisə günü, günorta vaxtı Afiqlə görüşərək söhbət etmək məqsədilə onun yaşadığı evə getdim. Biz otaqların birində əyləşərək bir qədər söhbət etdil, yemək yeyib, çay içdik. Saat təxminən 15 radələrində söhbət zamanı zarafat etmək istədim və istəmədən ünvansız olaraq nalayiq ifadə işlətdim. Buna görə Afiq kobud sözlərlə mənə iradını bildirdi və bu zəmində aramızda mübahisə yarandı. Sonra Afiq məndən evi tərk etməyimi tələb etdi. Mən də bərk əsəbləşərək Afiqin başının ənsə hissəsindən bir neçə yumruq zərbəsi vuraraq onu döydüm”.

Bu cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Xəqani 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb.

Təqsirləndirilən şəxsin cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Mingəçevir şəhəri ərazisini tərk etməsi qadağan olunub.

Bundan əlavə, ona bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.

Qeyd edək ki, Xəqani bundan əvvəl dəfələrlə məhkum olunub. O, ilk dəfə 2019-cu ildə məhkum olunub. Həmin il Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib və 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Suraxanı Rayon Məhkəməsinin 15 aprel 2020-ci il tarixli qərarına əsasən 2 ay 1 gün vaxtından əvvəl şərti azad olunub.

Bundan başqa, Nərimanov Rayon Məhkəməsi tərəfindən 2023-cü ildə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, lakin Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilib.

Bundan əlavə, o, Nərimanov Rayon Məhkəməsi tərəfindən 2024-cü ildə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, Xəqani bundan əvvəlki cinayətində də zərərçəkmiş Afiq olub. Həmin dövrdə olan 100 manat borc üstündə dava ediblər.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova